Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin ilkin nəticələri açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib ki, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,09% səslə qalib olub. İ.Əliyev daha 7 il müddətinə ölkə prezidenti olacaq.
Seçkilərdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,4%; öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 3,07%; Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 2,97%; Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1,4%; Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,51%; Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,18%; "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0,74% səs toplayıb.
Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin 2 milyon 667 min 720 bülleten sayılıb. 3675 seçki məntəqəsi hesabat verib.
Seçkilərdə ölkə üzrə olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 353 nəfəri (ümumi seçicilərin 74,51 faizi) səsvermədə iştirak edib ("Report").
Qeyd edək ki, İlham Əliyev həm də Milli Olimpiya Komitəsinin (MOK) prezidentidir.