"Minsk 2019" II Avropa Oyunlarında Azərbaycanı 15 cüdoçu təmsil edəcək.
Sportnet.az xəbər verir ki, həm kişilər, həm də qadınlardan ibarət yığmanın üzvləri 4 gün ərzində medallar uğrunda mübarizə aparacaqlar. Avropa Oyunlarında cüdo yarışlarına iyunun 22-də start veriləcək. 3 gün baş tutacaq fərdi mübarizələrdən sonra iyunun 25-də qarışıq komanda yarışı keçiriləcək.
Azərbaycan 9 kişi və 6 qadın cüdoçu ilə təmsil olunacaq. Qadınların yarışına Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva, Aleksandra-Larisa Florian (hər ikisi 52 kq), Munxtsedev İçinxorloo (57 kq), Nuriyə Axundova (63 kq), Irina Kindzerska (+78 kq), kişilərin mübarizəsinə Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (+100 kq) qatılacaq.
Qeyd edək ki, "Minsk 2019" iyunun 30-dək davam edəcək.