Bu gün Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovun yubileyidir.
Sportnet.az-ın məlumatına görə, nazir 55 yaşını qeyd edir. Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1971-ci ildə Bakı şəhəri 134 saylı məktəbin birinci sinifinə daxil olub. 1981-ci ildə həmin məktəbdə orta təhsilini bitirib və həmin il Azərbaycan Dillər Universiteti nin ingilis dili fakültəsinin əyani şöbəsinə daxil olub.
1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb. Əmək fəaliyyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb. 1986-cı ilin iyun ayından 1987-ci ilin noyabr ayınadək Moskva şəhərində həqiqi hərbi xidmətdə olub. 1987-1989-cu illərdə Azərbaycan LKGJ Xətai rayon komitəsində şöbə müdiri, 1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib. 1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998 - 2006-cı illərdə “İtaldizain” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə Gənclər və İdman naziri vəzifəsinə təyin edilib.
Dövlət başçısının 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni, 24 iyul 2019-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Fövqaladə Hallar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin medalları ilə təltif edilib. Ailəlidir, bir övladı var.