İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir.
Sportnet.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin 3 idmançısı rinqə çıxıb. Onların hər 3-ü döyüşünü qələbə ilə başa vurub.
60 kq çəki dərəcəsində qüvvəsini sınayan Nurlan Səfərov 1/16 final mərhələsi çərçivəsində Stefan Kirkorovla (Bolqarıstan) qarşılaşıb. Görüş Səfərovun 5:0 (30:25, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb. 1/8 finalda rəqib rusiyalı Kaqir Minatullayev olacaq. Döyüş aprelin 20-də baş tutacaq.
81 kq çəkidəki Zaur Musayev də ilk qarşılaşmasını qələbə ilə başa vurub. O, 1/8 finalda Damyan Zavieruşinskini (Polşa) texniki nokautla mübarizədən kənarlaşdırıb. Musayev növbəti görüşünü rusiyalı Ruslan Kolesnikova qarşı keçirəcək. Bu döyüş aprelin 21-də olacaq.
91 kq çəkidəki İsmayıl Yaqubov isə 1/4 finala gedən yolda Viktor Yurkla (Almaniya) üz-üzə gəlib. Gərgin döyüşdə Yaqubov rəqibini 3:2 (30:27, 29:28, 28:29, 27:30, 29:28) hesabı ilə məğlub edib. O, aprelin 22-də olacaq ikinci görüşündə İqor Fedorovla (Rusiya) mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan yığması Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışa 10 oğlan və 1 qız boksçu ilə qatılıb.