
Aprelin 15-də Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirində iştirak edəcək Azərbaycanın qadın güləşçilərinin adları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, 3 gün davam edəcək yarışda 63 kq-da İrina Netreba, 69 kq-da isə Elis Manolova qüvvəsini sınayacaq.
Turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə Azərbaycan yığma komandalarının 6 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışacaq. Turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edəcək.
Daha öncə isə yarışda iştirak edəcək sərbəst və yunan-Roma güləşçilərinin adları açıqlanıb. Sərbəstdə Mahmud Məhəmmədov (57 kq) və Cəbrayıl Həsənov (74 kq), yunan-Roma güləşində isə Kamran Məmmədov (66 kq) və Şalva Qadabadze (98 kq) çıxış edəcək.
İlk görüşlər Bakı vaxtı ilə saat 11:30-da, final görüşləri isə 21:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycanın güləş yığmaları bu günədək Rio-2016-ya 11 vəsiqə qazanıb. Bunlardan 4-ü sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.