
Arif Əsədov "Neftçi"nin baş məşqçi postundan istefaya göndərildiyini Qəbələdən Bakıya avtobusla qayıdarkən internet vasitəsilə öyrənib. Bu barədə Sportnet.az-a 45 yaşlı mütəxəssisin özü məlumat verib.
Əsədovun sözlərinə görə, istefa xəbərini ona nə klubun Müşahidə Şurasından, nə də əməkdaşlarından çatdıran olub. O, xəbəri normal qarşıladığını bildirib: "Məşqçi həyatı belədir ki, daim bir yerdə işləmək olmur. İstefaya da hər zaman hazır olmalısan".
Sabiq baş məşqçi yaxın günlərdə "Neftçi" rəhbərliyi ilə görüşərək, bir çox məsələyə aydınlıq gətirəcəyini bildirib. O, geniş danışmaq istəməsə də, klubla 2016-cı ilin iyununadək qüvədə olan müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə diqqət çəkib. Lakin mütəxəssis buna görə kompensasiya tələb edib-etməyəcəyini açıqlamayıb: "Gəlin, bir az səbirli olaq. Rəhbərliklə görüşüm olsun, bir çox məsələyə aydınlıq gəlsin, sonra ətraflı danışarıq".
Bununla yanaşı, Əsədov "Neftçi"nin üzləşdiyi vəziyyətdə daha çox zədə amillərinin rolunu vurğulayıb. Lakin o, komandadakı maliyyə probleminin də nəticələrə hər hansı təsirinə dair şərh verməyib. Sabiq baş məşqçi vəzifəsində cəmi bir il qalsa da, bu müddətin ona uzun göründüyünü vurğulayıb: "Açığı, "Neftçi" elə komandadır ki, burada 1 il 3-4 il kimi keçir".
Qeyd edək ki, Arif Əsədov "Neftçi"nin baş məşqçi postundan iyunun 3-də Azərbaycan Kubokunun finalında "Qarabağ"a 1:3 hesablı məğlubiyyətin ardından Müşahidə Şurasının qərarı ilə istefaya göndərilib.