
Ağdamın "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanovun Sportnet.az-a müsahibəsi
- Əvvəlcə yeni mövsümə hazırlıq barədə məlumat verərdiniz...
- İyunun 13-dən hazırlıqlara start vermişik. Komanda proqram üzrə məşqləri davam etdirir. İyunun 22-dən isə hazırlıqlarımızın 2-ci hissəsinə başlayacağıq. Bu mərhələni Avstriyada keçəcəyik. Bu ölkədə bir sıra yoxlama görüşləri keçirməyi də planlaşdırırıq. İyunun 23-də Ukrayna çempionu Donetsk "Şaxtyor"u ilə qüvvəmizi sınayacağıq. İyunun 28-də Rusiyanı Avropa Liqasında təmsil edəcək "Krasnodar"la üz-üzə gələcəyik. Qarşılaşacağımız rəqiblər arasında Çexiya "Viktoriya Plzen"ini də qeyd edərdim.
- Sadaladığınız rəqiblər Avropada kifayət qədər tanınmış komandalardır. Azərbaycan təmsilçiləri isə adətən ortabab və zəiflərlə yoxlama görüşləri keçirir. Budəfəki seçiminiz Çempionlar Liqasına qatılmağınızla bağlıdır, yoxsa hansısa başqa səbəb var?
- Güclü rəqiblərlə özümüz qarşılaşmaq istədik. Belədə həm futbolçularımızın təcrübəsi artar, həm də nəyə qadir olduğumuzu görmək daha rahat olar.
- Sınaqçı-rəqibləri özünüz seçdiniz, yoxsa adıçəkilən komandalar tərəfindən sizə təklif gəldi?
- Avstriya toplanışımızı təşkil edən firma bizə hazırlıq dövrümüz zamanı hansı komandalarla yoxlama görüşləri keçirmək barədə ətraflı məlumat verdi və biz də seçdiyimiz sınaqçı-rəqiblərə üstünlük verdik.
- Komandaya bir sıra futbolçular cəlb etsəniz də, yəqin ki, yeni transflerlər də planlarınıza daxildir...
- Bildiyiniz kimi, Portuqaliyanın "Maritimu" klubundan Danilo Diası transfer etmişik. Yerli futbolçulardan isə Tərlan Quliyev və Cavid Tağıyevi rənglərimizə qatmışıq. Mövqeyindən asılı olmayaraq, gənc və perspektivli futbolçuları transfer etməyə hazırıq.
- Çempionlar Liqasında ilk rəqib kimi hansı komandanı görmək istəyərdiniz?
- Tam səmimi deyirəm: Heç bir rəqib barədə düşünməmişəm. Məşqçilər korpusunun işi komandanı Çempionlar Liqasına tam hazır etməkdir. Bu yöndə var gücümüzlə çalışırıq. Oturub rəqiblər, püşk haqda düşünsək, bu, işimizə mane ola bilər. Məni düşündürən öz futbolçularımızın durumudur, onların Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununadək lazımı kondisiyaları toplamasını təmin etməkdir.
- "Neftçi" Avropa Liqasının qrup mərhələsinə düşəndə, "ağ-qaralar"ın rəsmiləri yaxın 10 ildə bu nəticəni heç bir Azərbaycan klubunun təkrarlaya bilməyəcəyini söylədilər. Sizcə, rəhbərlik etdiyiniz komanda həmin nəticəyə imza atmağa qadirdirmi?
- (Xeyli fikirləşdikdən sonra) Bu cür açıqlamalara o qədər də önəm vermirəm. Öz klubumuz adına uğur qazanmaq istəyirik. Kiminsə nəticəsini təkrarlamaq barədə heç vaxt düşünməmişəm. Hər komandanın qarşısına məqsəd qoyulur və hər kəs çalışır ki, istəyinə nail olsun. O dövrdə "Neftçi"nin uğuruna sevinmişdik və onların oyunlarına gedib, dəstəkləyirdik. Arzu edirəm ki, "Neftçi" bu mövsüm də Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansın və biz yenə də onları ürəkdən dəstəkləyək.
Ceyhun ƏLİYEV