
"İnter"in yeni transferi İlkin Qırtımovun Sportnet.az-a müsahibəsi
- Necə oldu ki, "İnter"dən dəvət gəldi?
- Aramızda pul söhbəti olmayıb. Sadəcə bu klubdan kömək istədilər. "Simurq"da gəncləşdirmə siyasəti gedirdi. Orda qalsaydım, formadan düşəcəkdim, milliyə çağırılmaq şansımı tamamilə itirəcəkdim.
- "Simurq"da vəziyyət düzəlsə, ola bilərmi ki, "İnter"dən transfer vərəqini alıb qayıdasan?
- Yox, yox. Nə vaxtsa ola bilər, amma bu dəqiqə yox. Mən "Simurq"u pula görə atmamışam. Dediyim kimi, öz formamı saxlamaq üçün "İnter"ə keçmişəm.
- Ümumiyyətlə, "Simurq"u atıb "İnter"ə keçməyin Zaqatalada necə qarşılandı. Tənqidlə üzləşdin, yoxsa anlayışla qarşılandın?
- Yox, tənqid edənlər olmadı. Bizim bundan sonrakı futbolçu həyatımız 5 ildir. Orda başa düşdülər ki, "Simurq"da qalsam, karyeram üçün də yaxşı olmayacaq.
- "Simurq"dan serbiyalı məşqçi Aleksandar Karakliç, xorvatiyalı Styepan Polyak və Elnur Abdullayev də burdadır. Sənin üçün bu baxımdan yeni komandanda özünü yad hiss etmək problemi olmamalıdır...
- Düz qeyd edirsiniz. Məhz burda tanış uşaqlar çox olduğu üçün buranı seçdim.
- Avroliqanın ilkin təsnifat mərhələsinin cavab matçı olan Albaniyanın "Laçi" komandasına qarşı oynaya bilməyəcəksiniz. Bununla belə, fikirlərini öyrənək.
- İnşallah, yaxşı olar. İnanıram ki, "İnter" II mərhələyə keçər. Mən də tribunadan yeni komandamın oyununu həyəcanla izləyəcəyəm.
- "Simurq"un bir çox legionerləri FİFA-ya şikayət edəcək. Bəs yerli oyunçular bu barədə necə düşünürlər?
- Yox, mən heç kimdən şikayət etməyəcəyəm. Pulumuzu versələr də, verməsələr də sağ olsunlar. Yerli oyunçulardan kimin şikayət edib-etməyəcəyini bilmirəm. Mən özümə cavabdehəm. Heç vaxt belə şey etmərəm. Verməsələr də Allah razı olsun. Halal xoşları olsun.
- "Simurq"dan transfer vərəqəsini götürməkdə problemlə üzləşmişdin...
- Elədir. Ancaq artıq 2 gün əvvəl almışam. Dünən isə "İnter"lə 6 aylıq müqavilə bağlamışam. "Simurq"un prezidenti Anar Bəkirovla görüşüb ayrıldım. Transfer vərəqəmin alınmasında köməyi dəyən şəxsə burdan minnətdarlığımı bildirirəm.