Nurlan Novruzovun Türkiyənin I dəstə klubu "Boluspor"la müqaviləsinin detallarına aydınlıq gəlib. Sportnet.az həmin müqavilənin detallarını təqdim edir.
Premyer Liqamızın bombardirinin bağladığı 2 illik müqavilənin ümumi dəyəri 300 min dollardır. Bu isə o deməkdir ki, Nurlan Boluda ilinə 150 min dollar qazanacaq. Ancaq Novruzov ilk 4 aylıq maaşından keçməli olacaq. Çünki "Bakı"nın yetirməsi olduğu üçün 60 min dollar bu kluba veriləcək ki, transfer vərəqi özünə qaytarılsın. "Boluspor"un rəsmi saytı vasitəsilə bu transferin elan edilməməsi məhz transfer vərəqinin hələ alınmaması ilə bağlıdır.
Bu transferdə ötən ay "Boluspor"la müqavilə bağlamış Ümit Özatın heç bir vasitəçiliyi olmayıb. Düzdür, Nurlanın "Elazığspor"a keçidi gündəmdə olanda da bu komandada baş məşqçi Özat idi. Lakin danışıqlar "Fənərbaxça"nın futbolçusu olmuş Özatla yox, prezident səviyyəsində aparılıb. Yəni, bu danışıqlarda "Boluspor"un prezidenti Savaş Abak bilavasitə iştirak edib.
Yeri gəlmişkən, hazırda Boluda olan Nurlanın "Elazığspor"a keçə bilməməsinə də aydınlıq gətirək. Bunun səbəbi "Bakı"ya veriləcək pullar deyil. Belə ki, "Elazığspor"dakı maliyyə problemi son anda tərəflərin danışıqları yarımçıq dayandırması ilə nəticələnib.
Qeyd edək ki, "Boluspor" bu ilin qışında hücum xəttinə Vaqif Cavadovu transfer etsə də, ondan istədiyini ala bilməmiş və komandadan göndərilmişdi.