
UEFA gözlənilən sanksiyanı tətbiq etsə, Azərbaycanın "Qəbələ" klubunun Serbiyanın "Çukariçki" komandası ilə Avropa Liqasının II təsnifat mərhələsindəki cavab görüşü "Bakcell Arena"da keçiriləcək. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a klubun baş meneceri Zaur Əzizov məlumat verib.
Z.Əzizovun sözlərinə görə, bununla bağlı UEFA ilə razılıq əldə olunub. Klub rəsmisi bildirib ki, I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə cavab görüşü zamanı Qəbələ şəhər stadionunda baş vermiş olaylar üzündən Avropa futbol qurumu cəza tədbiri görəcək: "Əsas sanksiya kimi Qəbələ şəhər stadionunun 2 sektorunun qapadılması gözlənilirdi. Lakin biz UEFA-dan xahiş etdik ki, Qəbələdə azsaylı azarkeşlə oynamaqdansa, rəqibimizi 11 min tamaşaçı tutumuna malik "Bakcell Arena"da qəbul edək. Yəqin ki, qərar bu gün AFFA-ya və klubumuza göndəriləcək".
Amma "Qəbələ" ev oyununu Bakıda keçirsə, eyni vaxtda - iyulun 23-də paytaxtda Avroliqanın 2 oyunu baş tutacaq. Digər qarşılaşma "İnter"lə İslandiya "Hafnarfyördur"u arasında olacaq. Bu zaman oyunlardan birinin vaxtının dəyişdirimə variantı ortaya çıxa bilər. Lakin Z.Əzizov bildirib ki, vaxt dəyişikliyi baş verməyəcək: "Biz bu məsələni də UEFA ilə danışmışıq və deyiblər ki, problem yoxdur".
Qeyd edək ki, "Çukariçki" - "Qəbələ" matçı iyulun 16-da Serbiyanın paytaxtı Belqradda baş tutacaq. Azərbaycan komandası səfər oyununa bu gün çarter reysi ilə yollanıb.