İspaniyanın "Atletik" klubunun baş məşqçisi Ernesto Valverde Avropa Liqasının III təsnifat mərhələsinin püşkünü dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, həm Azərbaycanın "İnter", həm də İslandiyanın "Hafnarfyördur" komandalarının naməlum təsir bağışladığını bildirib.
O, hər iki ölkəyə uzun yol qət edəcəklərini də söyləyib. Bununla yanaşı, Valverde "İnter" və "Hafnarfyördur"a hörmətlə yanaşıb: "Bu komandalar rəsmi yarışda mübarizə aparırlar. Biz onlara hörmətlə yanaşırıq. Çünki hələ də böyük rəqabət içində olduqları sözsüzdür. Biz mövsümöncəsi yoldaşlıq görüşləri keçirsək də, onlar rəsmi yarışda mübarizə aparırlar".
"Atletik"in Avroliqadakı ilk rəqibi iyulun 23-də Bakıda müəyyənləşəcək. İlk görüşdə "Hafnarfyördur"u səfərdə 2:1 hesabı ilə yenmiş "İnter"i Bakıda hətta minimal hesablı məğlubiyyət də qane edir. Valverde əvvəlcə cavab görüşünü izləyəcəklərini, rəqib müəyyənləşdikdən sonra isə əvvəlki qarşılaşmalarına əsasən məlumat toplayacaqlarını bildirib.
Baş məşqçi kiçik ölçülü stadionda və süni örtüklü meydanda oynamaqdan narahatlığını da dilə gətirib. Onun sözlərinə görə, "Atletik"in Lesama bazasında süni örtüklü meydan var. Lakin Valverde həmin meydanın süni örtüyünün təzə olmadığını bildirib.
Qeyd edək ki, "Atletik"in Avropa Liqasındakı ilk oyunu iyulun 30-da öz meydanında, cavab görüşü isə bundan bir həftə sonra səfərdə olacaq.