AFFA-nın 10 - 14 yaşlı istedadlı futbolçular üçün 4 ildir həyata keçirdiyi Elit Məşq layihəsinin dayandırılması xəbəri yayılıb. Seleksiyaçı-məşqçilərdən birinin Sportnet.az-a verdiyi məlumata görə, federasiya rəhbərliyi növbəti mövsümdən belə bir layihəni həyata keçirməkdə maraqlı olmadığını bildirib.
Nəticədə onlarla mütəxəssis işsiz qalıb. Halbuki layihə müddətində həmin mütəxəssislər normal əmək haqqı ilə təmin olunurdular.
Amma AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun "Report"a verdiyi məlumata görə, layihə növbəti mövsümdən Azərbaycan Premyer Liqası və I divizion komandaları nəzdində həyata keçiriləcək. Bu məqsədlə klublarla danışıqlara başlanılıb. Liqalarda təmsil olunmayan bölgələrdə isə layihə işini əvvəlki qaydada davam etdirəcək.
İstənilən halda, Elit Məşqdə iştirak edən məşqçilərin sayının azalacağı şübhəsizdir. Çünki klublar öz məşqçilərini bu sahədə də çalışmağa ayıracaqlar.
Qeyd edək ki, Elit Məşq layihəsi 10 - 12 və 12 - 14 yaşlı istedadlı futbolçuların hazırlanması və klublarla milli komandalara tövsiyə olunmaları məqsədilə həyata keçirilir. 2014-cü ilin sentyabından layihə Azərbaycanın 13 fərqli regionunda 13 məntəqədə - Bakı, Lökbatan, Salyan, Quba, Lənkəran, İmişli, Ağdam (Quzanlı), Tovuz, Gəncə, Mingəçevir, Yevlax, Zaqatala və Naxçıvanda həyata keçirilib. Hər bir məntəqədə 2 məşqçi olmaqla, ümumilikdə 26 məşqçi, bəzi regionlar üzrə ayrılmış ümumi 3 seleksioner çalışıb. Məşqçilərə hər bir məntəqədə ən istedadlı futbolçularla daha intensiv və fərdi məşqlərin keçirilməsini təşkil etməkdən ötrü futbolçuların sayının 16-dan çox olmaması tapşırığı verilib. Layihənin rəhbəri AFFA-nın texniki direktoru Bernhard Lippert, koordinatoru İlham Əzizzadədir.