
AFFA və Peşəkar Futbol Liqasının (PFL) Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə bağlı iyulun 20-də elan etdiyi tenderə sənədlərin son təqdim olunma müddəti bu gün başa çatıb. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, tenderdə iştirak üçün yalnız bir telekanal müraciət edib.
Həmin kanalın adı açıqlanmır. Tenderin yekun qərarı barədə yaxın günlərdə rəsmi məlumat veriləcək.
Qeyd edək ki, tenderin şərtləri belə olub:
- Premyer Liqanın hər tur minimum 2 oyunu canlı yayımlansın
- Oyunları yayımlayacaq televiziya kanalında mövsümü əhatə edən həftəlik futbol verilişi hazırlansın
- AFFA-nın təşkil etdiyi liqaların hər həftə minimum 1 oyunu canlı və ya videoyazı şəklində yayımlansın
Tenderin məbləği 1 milyon manatdır. Bu vəsait Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcək.
Tenderin qalibi oyunların görüntülərini yaymaq, satmaq, hər hansı digər yayımçıya vermək səlahiyyətinə malikdir.
Tenderin qalibi üçün stadionda reklam bannerləri üçün yer ayrılacaq.
Oyunların vaxtı 10 gün əvvəlcədən PFL və televiziya kanalı tərəfindən birgə müəyyənləşdiriləcək.