
"Vacib oyuna çıxırq. Yaxşı komandaya qarşı oynayacağıq". Sportnet.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Çempionlar Liqasının III təsnifat mərhələsinin Şotlandiya "Seltik"i ilə cavab qarşılaşmasından danışan 43 yaşlı mütəxəssis "Seltik”in fərqli oyun nümayiş etdirdiyini bildirib: "Matçın bizim üçün nə dərəcədə əhəmiyyətli olduğunu bilirik. Rəqib hesabda üstün olsa da, qarşıda 90 dəqiqə var. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək”.
Meydançanın ot örtüyü ilə bağlı fikirlərini bildirən Q.Qurbanov belə halların olduğunu bildirib. Onun sözlərinə görə, komanda ən yaxşısını etməyə çalışacaq: "Ola bilər ki, sürətli, daha baxımlı oyuna mane olsun. Ancaq əlimizə düşən şanslardan maksimum istifadə etməyə çalışacağıq. Başqa yolumuz yoxdur. Ola bilər ki, hər hansı dəyişiklik olsun. Çalışacağıq ki, ən yaxşısını edək. Oyuna gəldikdə isə, əsas odur ki, ilk qolu vuraq. Ancaq daha vacib olan odur ki, qol buraxmayaq".
Qeyd edək ki, "Qarabağ" - "Seltik" qarşılaşması sabah saat 21:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək. Bu komandaların ilk görüşündə "Seltik" qalib gəlib - 1:0.

















































































