"Məğlubiyyətdən məyusuq, amma vəziyyətimizi başa düşürsünüz. Bilirsiniz ki, Premyer Liqada bu büdcə ilə nəyəsə nail olmaq çox çətin məsələdir. Hərdən futbolçunun 200-300 manat maaş aldığını eşidəndə bu, məni həddən artıq qayğılandırır. Belə büdcə ilə Premyer Liqada işləmək ağırdır". Sportnet.az-ın məlumatına görə, bunu "CBC Sport"a açıqlamasında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
44 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının II turunda 0:2 hesabı ilə uduzduqları "Qəbələ"nin son 6 ayda yüksək səviyyəli oyun göstərdiyini vurğulayıb: "Artıq bu komanda Avropa Liqasında "pley-off"a da yüksəlib. Amma deməzdim ki, bu gün onlardan geri qalırdıq. Əksinə, oyun AZAL-ın üstünlüyü ilə keçdi. Bunu statistika da göstərir. Komandamdan razı qaldım".
Bununla belə, Əhmədov çatışmazlıqların da olduğunu diqqətə çatdırıb: "Müdafiə və hücumda problemlərimiz var ki, bu da oyunda özünü büruzə verdi. Qol vəziyyətlərindən artıq ikinci oyundur yararlana bilmirik. Bu, bizim problemimizdir. Görüləcək işimiz çoxdur. Hər halda AZAL-ın nəyəsə nail olmağını istəyiriksə, büdcə artırılmalı və səviyyəli legionerlər cəlb olunmalıdır ki, komanda öz adını, imicini geri qaytarsın".
Baş məşqçi ilk yarının uzatma dəqiqəsində AZAL-ın qapısına təyin olunan penalti epizodundan da danışıb: "Bu, yüz faizlik 11 metrlikdir. Buna nə mən, nə də başqası etiraz edə bilər. Futbolda səhvlər olur. Səhvlər üzərində iş gedir. Qarşıda bizi 34 tur gözləyir. Çempionat yeni başlayıb. İlk yarıda buraxılan qolla əlaqədar ikinci hissədə komandada sıxıntı hiss olunurdu. Amma komandamızın potensialı var. Məni bugünkü məğlubiyyət yox, qarşıdakı oyunlar gözləyir. Sizi inandırıram ki, qarşıda AZAL-ı ən yaxşı dövrlər gözləyir. Hətta hazırkı büdcə saxlanılsa belə, öz sözümüzü deyəcəyik".