Topaz Premyer Liqasında "Sumqayıt"la II tur qarşılaşmasından öncə "Xəzər Lənkəran"ın futbolçusu Elnur Cəfərovun Sportnet.az-a müsahibəsi...
- Ötən turda qol vurdunuz və komandanız qələbə qazandı. Uğurunuzun davamını gətirə biləcəyinizə əminsiniz?
- Komandamız oyundan öncə qələbə qazanmaq istəyirdi. Fikrimizi tam olaraq qələbəyə kökləmişdik. İstək olan yerdə də hər şey etmək olar. İlk hissədəcə öz oyunumuzu ortaya qoyduq və bu, bizi daha da ruhlandırdı. Azarkeşlərin də bu qələbədə payı var. Onlara təşəkkürümü bildirirəm. Bizə çox köməkləri oldu. Bu, mənim ikinci qolum idi. Həm özümə, həm də komandanın qələbəsinə görə çox sevindim. İnşallah, qələbəmizin ardını da gətirərik. Buna çox inanıram.
- Komandanın heyətində ilk qolunuz "Bakı”ya qarşı oyunda olmuşdu. Gözəl oyun göstərdiniz, lakin sonradan eyni oyunu görə bilmədik. Stabil oynamağınıza nə mane olur?
- Düz qeyd etdiniz. Stabilliyi qorumaq çətindir. İndi bu cəhətdən, stabilliyi qorumaq üçün çalışıram.
- Yayda xarici klublara transfer olunmağınız gündəmdə idi. Amma hazırkı klubunuzda qaldınız. Sirr deyilsə, Lənkəranda qalma səbəbiniz nə ilə bağlıdır?
- Mənə çox təkliflər oldu. Amma komandamla müqaviləni uzatmağı daha vacib bildim. Burda olmaq mənə daha düzgün görünür.
- Məlum səbəblər üzündən ilk 3 turda yeni transferlər oynaya bilməyəcək. Bu, sizin kimi yerli gənclər üçün fürsətdir ki, özünüzü sübut edə biləsiniz. Yeni oyunçularla rəqabətə və bu fürsətdən yaralanmağa nə dərəcədə hazırsınız?
- Keçən il ikinci dövrəni cavanlarla oynadıq. Hələ onda fürsətimiz oldu ki, təcrübə yığaq və güclənək. Hər kəs ustalıq cəhətdən özünü artıra bildi. İndi də özümüzü yaxşı tərəflərdən göstərə bilirik. Bu, birinci oyunda da aşkar göründü. Yeni oyunçularla rəqabət gözəl olacaq. Digər tərəfdən, onlardan öyrəncəklərimiz var. Ustalıq səviyyəmizi daha da artırmaq üçün yaxşı fürsətdir. Mən özüm əsas heyətə düşmək üçün daim mübarizə aparacağam.
- Komandadakı oyununuz imkan verir ki, öz mövqeyinizdə ən yaxşılardan biri olasınız. Bu, sizin əsas milli komandaya düşmə şanslarınızı da artırır. Baş məşqçi Robert Prosineçki sizə güvənərsə, ümidləri doğruldacağınıza özünüzü hazır sayırsınız?
- Şans verilsə, özümü daha yaxşı tərəflərdən göstərə bilərəm. Məqsədlərim arasında milli komandada oynamaq da var. Tək klubda oynamaqla kifayətlənmək olmaz. Beynəlxalq görüşlərdə yer almaqla öz oyunumu daha yaxşı hala gətirə bilərəm. Gəncəm və bu, imkan verir ki, öz oyunumu daha da təkmilləşdirim.