
Futbol üzrə Azərbaycan milli komandasına dəvət alan "Kəpəz”in futbolçusu Tərlan Quliyevin klubun mətbuat xidmətinə müsahibə verib. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Milliyə dəvət almağını necə qarşıladın?
- Açığı, bunu gözləmirdim, birdən-birə oldu. Çempionatın startında belə xəbər aldığım üçün çox sevindim. Hamı kimi mən də milli komanda naminə əlimdən gələni etməyə çalışacağam.
- Robert Prosineçkinin baş məşqçiliyi dövründə ilk dəfədir ki, yığmaya dəvət alırsan. Nə deyə bilərsən?
- Bundan əvvəl Berti Foqtsun vaxtında milliyə çağırılmışam. İtaliya, Xorvatiya və Bolqarıstana qarşı oyunlara dəvət almışdım. Xorvatlarla matçda 67-ci dəqiqədə meydana çıxmışdım, bolqarlarla Bakıdakı oyunda da ikinci hissədə oynamışam. "Qarabağ”da çıxış etdiyim dövrlər idi.
- Deməli, "Kəpəz”ə keçidin yığmaya yenidən çağırıldığın üçün sənə düşərli oldu...
- Daim oynamaq lazımdır ki, milliyə düşə biləsən. Çünki baş məşqçi oynayanlara, kim güclüdürsə, onlara üstünlük verir. Özümü sübut edib, əsas heyədə yer almağa səy göstərəcəyəm. Məqsədim budur.
- Buna kimi "Kəpəz”in bir neçə futbolçusu millinin sınaq toplanışına dəvət olunsa da, oyunlara çağırılan olmayıb. Tarixə səyahət etsək, komandanın üzvünün sırf oyuna görə sonuncu dəfə 2000-ci illərin əvvələrində yığmaya çağırıldığını deyə bilərik...
- Yox, bu barədə məlumatım yox idi. Uzun illərdən sonra "sarı-göy” formanı geyinən futbolçu kimi buna nail olduğum üçün çox fərəh duyuram. Gəncə kimi futbol şəhərini, "Kəpəz”i millidə təmsil edəcəyim üçün sevinirəm. Əlbətdə, komandamızda çox yaxşı futbolçular var, onların da növbəti toplanışlarda yığmaya dəvət almasını ürəkdən istəyirəm. Hər şey qismətdən və çalışıb özünü göstərməkdən, sübut etməkdən asılıdır.
- Milliyə dəvət almağın "Qəbələ” ilə qarşıdakı çempionat oyununda sənin üçün əlavə motivasiya olacaq?
- Əvvəlki iki turdakı oyunlara necə hazırlaşmışamsa, qarşıdakı matça da o cür məşq etmişəm. Özümü başqa cür də apara və ya ayrı hisslərə qapıla bilmərəm. Amma ruh yüksəkliyi var. Bu da olmalıdı.