Avqustun 27-də UEFA Avropa Liqasının pley-off mərhələsinə yekun vurulacaq. Sportnet.az-ın məlumatına görə, cavab oyunları çərçivəsində baş tutacaq qarşılaşmada "Qəbələ” Yunanıstanın "Panatinaikos” klubunun qonağı olacaq.
Bakıdakı ilk matçda qolsuz heç-heçə ilə kifayətlənən "qırmızı-qaralar” qrup mərhələsinə vəsiqə uğrunda həlledici matçı Afinadakı Apostolos Nikolaidis stadionunda keçirəcək. Bu matç "Qəbələ"nin avrokuboklarda yubiley – 10-cu oyunu olacaq. Bunadək 9 görüşə çıxan "Qəbələ” bütün oyunlarını Avropa Liqasında keçirib. Avrokuboklardakı debüt ilində - 2014/2015 mövsümündə iki matç keçirən komanda cari mövsüm artıq 7 oyunda iştirak edib.
Bu 9 matçda "Qəbələ” 3 qələbə qazanıb, 2 heç-heçə edib və 4 dəfə uduzub. Bu matçlarda "qırmızı-qaralar" 7 qol vurub, 9-nu buraxıb. "Qəbələ”nin qollarını 4 futbolçu vurub. Cavid Hüseynov 3, Sergey Zenyov 2, Aleksey Antonovla Asif Məmmədov hərəyə 1 dəfə fərqlənib. Avrokuboklarda ən çox oyun keçirənlər isə əvvəlki 9 matçın hamısında iştirak edən braziliyalı legionerlər Dodo və Rafael Santosdur. Lakin sonuncu cəza üzündən Afinadakı qarşılaşmanı buraxacaq.
Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunu
27 avqust
23:00. "Panatinaikos” (Yunanıstan) – "Qəbələ”
Baş hakim: İvan Krujilak (Slovakiya)
Yan xətt hakimləri: Tomas Somolani, Tomas Mokoş (hər ikisi Slovakiya)
Ehtiyat hakim: Peter Kraloviç (Slovakiya)
Hakim inspektor: Manuel Mexuto Qonzales (İspaniya)
UEFA nümayəndəsi: Volfqanq Tiyerixter (Avstriya)
Afina. Apostolos Nikolaidis stadionu
İlk oyun – 0:0