
Latviyalı mütəxəssis Kirill Kurbatov "Ventspils" klubunda birgə çalışdığı, hazırda "Qəbələ"yə rəhbərlik edən Roman Qriqorçuk barədə danışıb. Sportnet.az-ın məlumatına görə, Kurbatov "Sporta Centrs"ə müsahibəsində Qriqorçukun onu hələ "Dinaburq"da oynayan məşqçi və baş məşqçi olduğu vaxtlardan tanıdığını bildirib.
O, ukraynalı həmkarının iş metodunu belə xarakterizə edib: "Həmin vaxt "Dinaburq"da belə vəziyyət yaranmışdı: Məşqçi nəinki məşqçi, həm də inzibatçı, təşkilatçı, hətta futbolçuları məşqə aparan sürücü də olmağı bacarmalı idi. Başqa sözlə, burada Roman İosifoviç bütün futbol mətbəxini öyrəndi. Üstəlik, belə bir şəraitdə düzgün iş metodunu tapdı və seçdi. Klub rəhbərliyi də ona tam etibar edirdi. Çünki Qriqorçuk qarşıya qoyulan məqsədə çatmağı bacarmışdı. O, 1998 - 2005-cı illərdə çalışdığı "Dinaburq"la ardıcıl 4 dəfə 4-cü yeri tutaraq, Avropa kuboklarına vəsiqə qazanmışdı. "Ventspils"ə keçəndə isə artıq tam yetişmiş baş məşqçi idi".
Kurbatovun sözlərinə görə, Qriqorçuk çalışdığı komandalarda öz işinə ağlasığmaz dərəcədə peşəkarcasına yanaşırdı: "Məndə belə təəssürat yaranırdı ki, o, heç yatmır, futbol, komanda, nəyisə daha da yaxşılaşdırmaq üzərində çalışır, çatışmayan cəhətləri özü üçün qeyd edir. Biz köməkçilərin hər birinin öz rolu, dəqiqəbədəqiqə tərtib olunmuş planı var idi. Hərəmiz nə vaxt nə etməli olduğunu bilirdik. Bu, yaxşı təcrübə idi: taktiki və metodoloji biliklərimizi artırırdıq".
Sonradan "Dauqavpils"ə rəhbərlik etdiyi vaxt bu təcrübənin ona yardımçı olduğunu deyən Kurbatov Qriqorçukla yenə də əlaqədə olduğunu açıqlayıb: "Bu yaxınlarda zəng etmişdi. İndi onun başı öz problemlərinə qarışıb. Özünüz Ukraynadakı vəziyyəti bilirsiniz. Vəziyyət qaydasında olsaydı, yəqin ki, Qriqorçuk öz ölkəsində qalardı. Azərbaycan, xüsusən, qonaqlara qarşı spesifik ölkədir. Fikrimcə, o, "Qəbələ"də yaxşı işlər görür, üzərində böyük məsuliyyət var. Onun işini sonrakı fəaliyyətində də izləyirdim. Mənə necə işlədiyi maraqlı idi. "Çernomorets"in baş məşqçisi olduğu illərdə müsahiibələrini tez-tez oxuyurdum. Qriqorçukun müsahibələrində özünü təqdim etməsindən məmnun idim".