
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası 2017-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Yaşar Vahabzadənin baş məşqçi olduğu komanda Almaniya yığmasını qəbul edib.
7-ci qrupda yer alan rəqiblərin görüşü Bakının "Mərdəkan" qəsəbəsindəki "Dalğa Arena"da təşkil olunub. Matç qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Biabırçı çıxışı ilə azsaylı tamaşaçıları məyus edən millimizin bəxti də az gətirməyib. İlk yarının sonunda azlıqda qalan komandamızın qapısına baş hakim Aleksandr Buko müxtəlif vaxtlarda 3 penalti təyin edib. Amma bütün qollar penaltidən vurulmayıb. İlk 2 cəhddə top qapı dirəyinə tuş gəlib. 3-cü penaltini isə Coşua Kimmix dəqiq yerinə yetirməyi bacarıb.
Bu, Almaniya millisinin ilk, Azərbaycan yığmasının 3-cü oyunu olub. İlk turda Farer adalarına səfərdə 1:0 hesabı ilə qalib gəlməsinə rəğmən, komandamızın sentyabrın 4-də evdə Avstriyaya uduzub - 0:2. Növbəti məğlubiyyətdən sonra Azərbaycan yığması 3 xalla 4-cü pilləyə enib. Bundestim isə 3-cü pilləni ələ keçirib. Qrupun digər oyunlarında Finlandiya Farer adalarını 3:0, Avstriya Rusiyanı 4:3 hesabı ilə yenib. Hazırda Finlandiya və Avstriya hərəyə 6 xalla ilk 2 pilləni bölüşürlər.
AVRO-2017
Seçmə mərhələ, VII qrup
8 sentyabr
19:00. Azərbaycan - Almaniya - 0:3
Qollar: Davi Selke, 33; 90+3. Coşua Kimmix, 88-penalti ilə
Yerinə yetirilməyən penaltilər: Davi Selke, 41. Maks Meyer, 69 (hər ikisi Almaniya)
Qırmızı vərəqə: Adil Nağıyev, 45+1 (Azərbaycan)
Baş hakim: Aleksandr Buko
Yan xətt hakimləri: Cimm Kremers, Loran Konot
Dördüncü hakim: Nikola Laforj (hamısı Belçika)
Bakı, "Dalğa Arena"