
Qəbələ Olimpiya Kompleksində "Glory Ranked Fights" turniri start götürüb. Sportnet.az-ın məlumatına görə, əvvəlcə yüngül çəkidə 5 döyüş baş tutub.
Daniel Korbeanu (Rumıniya) - Rahim Əliyev (Azərbaycan): Döyüşün ilk 3 raundunda qalib müəyyənləşməyib. Əlavə vaxtda isə Korbeanu hakimlərin qərarı ilə qələbə qazanıb. Amma döyüş zamanı Korbaanunun burnundan dəfələrlə qan açılıb. Hakim isə qaydalara əsasən, döyüşü dayandırmayıb. Qan itkisinə rəğmən, rumıniyalı döyüşçü qələbəyə nail olub.
Roman Mayılov (Ukrayna) - Matyuş Kopyek (Polşa): 3 raundluq döyüşün yekununda Mayılov hakimlərin qərarı ilə qalib elan olunub.
Quo Xianfenq (Çin) - Ramal Aslanov (Azərbaycan): İlk raunddaca Aslanov rəqibini nokauta salaraq, qalib gəlib.
Yuri Kel (Almaniya) - Telman Süleymanov (Azərbaycan): İkinci raundda Kel Süleymanovu nokaura salaraq, qələbə qazanıb.
Teo Mikeliç (Xorvatiya) - Tadas Jonkus (Litva): 3 raundluq döyüş hakimlərin qərarı ilə Mikeliçin xeyrinə başa çatıb.
İndi isə superağır çəkidə döyüşlər başlayır:
Lim Çi Bin (Cənubi Koreya) - Mosab Amrani (Mərakeş): İlk raunddaca Amrani rəqibini ayaq zərbələri ilə 2 dəfə nokauta salır. Lim Çi Bin ilk nokautdan ayılsa da, ikincisində döyüşü davam etdirə bilmir.
Amraniyə mükafatı gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim edir.
Jiao Fukai (Çin) - Pərviz Abdullayev (Azərbaycan): Döyüşü inamlı keçirən Abdullayev ikinci raunddaca rəqibini nokauta salaraq, təmiz qələbə qazanıb. O, mükafatlandırma mərasiminə Fövqəladə Hallar Nazirliyinə məxsus hərbi geyimdə çıxıb. Kuboku ona "Qəbələ" idman klubunun vitse-prezidenti Fariz Nəcəfov təqdim edib.
Yüngül çəkili döyüşçülər arasında yarımfinal görüşləri başlanır:
Roman Mayılov (Ukrayna) - Ramal Aslanov (Azərbaycan): Aslanov hakimlərin qərarı ilə qalib elan olunub.
Yuri Kel (Almaniya) - Teo Mikeliç (Xorvatiya): Döyüşün əsas vaxtında qalib müəyyənləşməyib. Kel əlavə vaxtda qələbə qazanıb.
Superağır çəkidə daha 2 döyüş başlanır:
Erkan Varol (Türkiyə) - Albert Kraus (Hollandiya): İlk 3 raundda qalib müəyyənləşməyib. Əlavə raunddan sonra hakimlərin qərarı ilə Kraus qalib elan edilib.
Camal ben Saddiq (Mərakeş) - Hesdi Gerges (Misir): Döyüş başlayan kimi ben Saddiq rəqibini yerə yıxaraq, təpikləməyə başlayıb. Araya hər iki döyüşçünün təmsilçiləri giriblər. Rinqdə onlar arasında kiçik toqquşma yaranıb. Hakimlər ben Saddiqi diskvalifikasiya ediblər. Gerges isə kuboku könülsüz qəbul edib. O, daha sonra rinqdə baş verən xoşagəlməz olaya görə azarkeşlərdən üzr istəyib.
Yüngül çəkili döyüşçülər arasında final qarşılaşması başlanır:
Ramal Aslanov (Azərbaycan) - Yuri Kel (Almaniya): Hələ ilk raunddan Aslanov inamlı təsir bağışlayır. Onun zərbələri qarşısında rəqib asanlıqla təslim olmaq istəmir. Ciddi müqavimət göstərən Kel döyüşü 3-cü raundadək uzadır. Amma son raundda da Aslanov rəqibinə aramsız zərbələr endirib. Lakin nokaut qeydə alınmadığından qalib əlavə raundda müəyyənləşir. Hakimlərin qərarı ilə Kel qalib elan olunur. Bu qərar zalda anlaşılmaz qarşılanır. Kelə kuboku Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti və Fövqəladə Hallar Nazirliyi İdman Klubunun rəisi Füzuli Musayev təqdim edir.