Cənubi Koreyanın Mungyeong şəhərində keçirilən Hərbçilərin VI Dünya İdman Oyunlarında Azərbaycan komandası daha bir medal qazanıb. Sportnet.az-ım məlumatına görə, 100 kq çəkidə mübarizə aparan cüdoçu Elmar Qasımov bürünc medala sahib olub.
Uruqvaylı və rusiyalı rəqiblərini məğlub etdikdən sonra 1/4 finala yüksələn E.Qasımovun qarşısını monqolustanlı Ambaselmaa Bayarsayxan kəsib. O, təsəlliverici görüşlərdə ardıcıl olaraq Antonio Pena (Venesuela), Jozef Terheç (Fransa) və braziliyalı Riberio Korrea Lusianonu məğlub edərək fəxri kürsünün 3-cü pilləsinə sahib çıxıb.
90 kq çəki dərəcəsində yer alan Tural Safquliyev Bosniya və Herseqovina, Venesuela və Qazaxıstandan olan rəqiblərini yenərək, yarımfinala yüksəlib. Finala gedən yolda onun qarşısını əlcəzairli Rəşid Assamör, təsəlliverici görüşdə isə monqolustanlı Tsoqtqerel Xutaq kəsib. Beləliklə, Safquliyev 5-ci yeri tutub.
Qeyd edək ki, bu, Azərbaycanın Hərbçilərin VI Dünya İdman Oyunlarında 6-cı medalı olub. Daha öncə cüdoçular 1 gümüş və 3 bürünc, güləşçilər isə 1 bürünc medal qazanıb.