2 iyul - Beynəlxalq İdman Jurnalistləri günüdür. Amma hər ilin bu
günü Azərbaycanda idman jurnalistlərinin peşə bayramı kimi qeyd olunmur. İdmanla
bağlı qurumlar nəinki tədbir təşkil edir, heç öz rəsmi saytları vasitəsilə təbrik
etməyi də az qala unudurlar. Hətta bu il əlamətdar hadisədən 90 il ötsə də...
Sportnet.az illərdir davam edən bu xoşagəlməz ənənənin səbəbini
araşdırmaq üçün sorğu keçirib.
Mahir Rüstəmli: "İlk növbədə,
AİJA fəallıq göstərməlidir”
Futbol + qəzetinin baş redaktoru Mahir Rüstəmli deyib ki, Azərbaycan
İdman Jurnalistləti Assosiasiyası (AİJA) təşəbbüs göstərmədiyindən, bu gün heç
kimin yadına düşmür: "Mənə elə gəlir ki, bu məsələdə təşəbbüs AİJA-dan gəlməlidir.
Yəqin ki, heç bir təşəbbüs göstərmədiklərindən, bu günün önəmi heç kimin yadına
düşmür. Amma əlbəttə, fərd olaraq hamı bir-birini təbrik edir. Məsələn, məni
bir neçə nəfər təbrik edib, ən azından saytlarda xəbər şəklində yazırlar. Amma
ciddi şəkildə yada düşməsi üçün, ilk növbədə, AİJA fəallıq göstərməlidir”.
Rüstəmli, həmçinin jurnalistlər arasında birlik olmadığından, hər
hansı təşəbbüsün mümkün olmadığını da qeyd edib: "Jurnalistlər o halda addım
atmalıdır ki, tutaq ki, yüngülvari çay-şirniyyatla qeyd edəsən. Bunun üçün müəyyən
maliyyə olmalıdır. Çox təəssüf ki, həm də jurnalistlər arasında birlik yoxdur.
Bugünkü idman jurnalistikası çox rənglidir, çoxlu adam var və bu çox adamın bir
qrupunun məqsədi təkcə idman jurnalistikası ilə məşğul olmaq deyil. Həm də şəxsi
mənfəətlərinin təmin olunmasıdır. Ona görə də təəssüf ki, birlik iddiaları, təşəbbüsləri
alınmır”.
Jurnalist vaxtilə AİJA-ya müəyyən tələblərlə bağlı müraciət etdiyini
də açıqlayıb: "Həmin qurumdan zamanında şəxsən mən də nələrsə tələb etmişəm.
Onlar da deyir ki, bizim maliyyə imkanlarımız kasaddır, Gənclər və İdman
Nazirliyi bizə pul ayırmır və s. Bu məsələ bir qədər dalana dirənir. Mən qabağa
çıxıb nəsə demək istəsəm, kənardan elə görünür ki, mən şəxsi mənafeyimi güdür,
özüm önə çıxmaq, liderliyimi göstərmək istəyirəm. Ona görə də bu məsələlərdə
dalana dirənmək reallığı var”.
Mirkamil Rəhimov: "Siz
özünüz diqqətdən kənarda qalmısınız!”
Gənclər və İdman Nazirliyinin
idman şöbəsinin müdiri Mirkamil Rəhimov Beynəlxalq İdman Jurnalistləri
gününün Azərbaycanda qeyd olunması təşəbbüsü ilə onlara müraciət edilmədiyini
vurğulayıb: " Jurnalistlərin peşə bayramıdır? Təbrik edirəm sizi. Əgər bu gün
bunu jurnalistlər yada salmırlarsa, mən idman işçisi kimi, başqa bir sahənin
işçisi kimi necə yada salım? İnternetdə verin, hardasa səsinizi qaldırın. Maşallah,
səsiniz çoxdur, böyükdür, əliniz hər yerə çatır. Bəs niyə qaldırmamısınız səsinizi?
Bayramınız mübarək!”
Rəhimov bildirib ki, bu günlə bağlı müəyyən təklif və ya müraciət olsaydı,
nəzərə alınardı: "Bu tədbiri kim görməlidir? Sizin rəhbərliyiniz var, beynəlxalq
təşkilatınız var. Məgər yerli təşkilatınız yoxdur? Siz özünüz diqqətdən kənarda
qalmısınız! Bizə heç bir təklif daxil olmayıb ki, bu gün sizin ad gününüzdür,
yaxud bayramınızdır, yaxud nədirsə. Kim bizə bu barədə müraciət edib? Müraciət
edən var? Müraciət olsa, əlbəttə, nəzərə ala bilərdik”.
Eldar İsmayılov: "Mirkamil Rəhimovun sözünü yadınızda saxlayın”
AİJA-nın prezidenti Eldar İsmayılov maddi imkanların məhdudluğu səbəbindən
xüsusi tədbir təşkil etmədiklərini bildirib: "Bu gün bizim tədbirimiz yoxdur.
Çünki tədbir olması üçün məkan, yer lazımdır. Hər il edirik, amma bu il etmədik.
Çünki maddi imkanımız zəifdir. Bunun üçün Gənclər və İdman Nazirliyi, Milli
Olimpiya Komitəsi ilə birgə iş görmək lazımdır. Onlar da bilir bu tədbirin
olmağını. Bilirlərsə, gərək nə isə təşkil olunaydı”.
İsmayılov deyib ki, əvvəlki illərdə bu məsələ ilə bağlı Gənclər və
İdman Nazirliyinə müraciət etsə də, mənfi cavab verilib: "Onlar həmişə deyirlər
ki, pulumuz yoxdur. Ona görə də xeyri yoxdur. Mən əvvəlki illər dəfələrlə
müraciət etmişəm ora da, başqa yerlərə də. Neçə dəfə biz öz gücümüzlə "Avropa”,
"Hilton” otelində və digər məkanlarda tədbir təşkil etmişik. Amma bu il etmədik.
Bu yaxınlarda Moldovada idman jurnalistləri arasında Avropa Media Kuboku yarışı
keçirildi. Bizdən ora 11 nəfət getdi və 2-ci yerə çıxdıq. 8 ölkə arasında
Almaniya, Ukrayna, Litva, Polşadan güclü komandaların iştirak etdiyi oyunda Azərbaycan
gümüş medala layiq görüldü. Bu, futbol aləmində yaxşı göstəricidir. Azərbaycanın
milli futbol komandası ömründə heç 1/8 finala da çıxmayıb. Amma biz finala
çıxdıq və 2-ci olduq”.
Beynəlxalq İdman Jurnalistləri günü ilə bağlı heç bir televiziyanın
maraqlanmadığını və indiyədək bu tədbirlərin xərcini özlərinin çəkdiyini deyən
İsmayılov növbəti il də nazirliyə müraciət edəcəyini vurğulayıb: "Mirkamil Rəhimovun
sözünü yadınızda saxlayın və gələn il bu vaxt görüşək. Mən əvvəlcədən müraciət
edəcəyəm, görüm edəcəklər, yoxsa yox. Mən etmişəm, xərcini çəkmişəm, onlar da həmişə
iştirak ediblər. İndi də mən xəstəyəm, xəstəlik vərəqəsi ilə müalicə olunuram.
Amma nəzərə alaq ki, bu il Azərbaycanda
bizim xəttimizlə böyük tədbirlər olub. Maraqlısı budur ki, televiziya kanalları
da zəng vurub maraqlanmırlar. Halbuki həmişə bu kanaldan o kanala qaçırdım,
çata bilmirdim. Həm də bu bu gün polis işçilərinin peşə bayramı ilə üst-üstə
düşür. Nə bilim? Bax belə...”
Sevinc XANQIZI