"Bakı"da yaranmış maliyyə problemləri ilə əlaqədar klub prezidenti Hafiz Məmmədov iclas keçirib. Bu barədə Sportnet.az-a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib.
Onun sözlərinə görə, toplantıda Məmmədov problemlərin həlli istiqamətində yaxın bir həftə ərzində konkret addımların atılacağını bildirib. Amma həmin addımların nədən ibarət olacağı bilinmir. Seyidov artıq futbolçuların da məlumatlandırıldığını əlavə edib. O, müqaviləsi başa çatan oyunçularla yeni anlaşmaların imzalanmayacağını, qalanların isə məşqlərini davam etdirərək, klub prezidentinin qərarını gözlədiklərini söyləyib.
Qeyd edək ki, maddi problemlər üzündən "Bakı" klubunun dağılma təhlükəsi ilə üzləşdiyi bildirilir.