Rövşən ƏHLİMANOĞLU
"Qəbələ" dünən Avropa kuboklarında debüt etdi. Elə rumıniyalı baş məşqçi Dorinel Muntyanunun da "Qəbələ"də siftəsi idi. Ancaq alınmadı. Həm "Qəbələ"nin Avropa Liqasındakı, həm də Muntyanunun debütü korlandı. Özü də çoxlarının gözləmədiyi, bəlkə heç "Şiroki Briyeq"in də inanmadığı bir şəkildə korlandı bu siftə...
Keçək mətləbə... "Qəbələ" üçün siftəsi xeyirsiz, uğursuz olan rumın oyundan sonra maraqlı fikirlər səsləndirdi. Hətta 46 yaşlı mütəxəssis qələm əhli ilə zarafat etməyi də yaddan çıxarmadı. Həmkarlarımdan biri bütün məsuliyyəti öz üzərinə götürən Muntyanuya ünvanladığı "Adətən komanda hər hansı futbolçusu ucbatından qol buraxıb, məğlub olarsa, həmin oyunçuya cəza verilir. Siz özünüzə nə cəza verəcəksiniz?" sualına "başımı kəsəcəyəm" cavabını aldı.
Amandır, bizim xalq belə zarafatları xoşlamır. Camaatı vəlvələyə salmayın. Nə də olmasa, söz vermisiniz. Bosniya və Herseqovinadakı oyunda möcüzəyə çalışacağınızı demisiniz. Başınızı kəsib, İvaylo Petev məsələsində başı bəlalar görən "Qəbələ"nin başını siz də ağrıtmayın. Ən əsası, cənab Muntyanu, başınızı kəsib qanınızı bizim gözəl, gəzməli torpaqlarımıza tökməyin, amandır! Futbolumuz olmasa da, Qəbələdə gəzməli, görməli yerlər çoxdur.
Baş məşqçi cavab görüşündə möcüzəyə çalışacaqlarını da bildirdi. Hərçənd Sizin bu möcüzə nağılınıza da inanan olmayacaq. Çünki elə Siz oyundan əvvəl klub rəhbərliyinə "Bu heyət mənə növbəti mərhələyə keçməyə kifayət edər" demişdiniz, ancaq alınmadı. Oyundan əvvəl daha iddialı açıqlamalar verən, dünən isə üzrxahlıq edən rumın həm də anlamadı. Anlamadı ki, bura Azərbaycandır, anlamadı ki, ilk oyunda gənc Elvin Camalovla, Ruslan Tağızadə ilə, uzun müddət ehtiyat skamyasında oturduğu üçün oyun praktikasından əziyyət çəkən Ruslan Abışovla, ayaqları sözünə baxmayan Nizami Hacıyevlə və Vladimir Levinlə debüt etmək baha başa gələ bilər.
Əlində futbolçusu olmayan Muntyanu bunu əvvəlcədən də həll edə bilərdi. Hər halda bu nə mənim, nə başqa həmkarımın, nə də hər hansı futbol azarkeşinin günahıdır. Günah "Qəbələ" rəhbərliyində və Muntyanudadır. Bu məğlubiyyət heç Bakıdakı iş-gücünü atıb Qəbələyə gələn AFFA prezidenti Rövnəq Abdullayev ucbatından, başçılıq etdiyi PFL-in 6 illiyi münasibətilə yediyi tortu yarımçıq qoyan Ramin Musayevin oyunu canlı izləməsinə görə olmadı.
Babalarımızın, atalarımızın bir gözəl məsəli var: "Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar". At demişkən, yadıma uşaqlıq illərində oxuduğum Mayn Ridin "Başsız atlı" əsəri düşdü. Həmin əsərdə uzun yol qət edən və hamını vahiməyə salan başsız atlını Qoca Stamp tutur. Görəsən, Muntyanu başını kəssə, mindiyi "at"ı kim tutacaq?
Cənab Muntyanu, başınızdan muğayət olun!