
"Qarabağ"la Azərbaycan Premyer Liqasının XIV tur matçında "Neftçi"nin qələbə topunun müəllifi Rəhman Hacıyevin Sportnet.az-a müsahibəsi
- Oyunda yeganə qolu vuraraq, komandanızın qələbəsində böyük pay sahibi oldunuz. Hansı hissləri keçirirsiniz?
- Çətin oyun oldu. Meydana qələbə üçün çıxmışdıq. "Xəzər Lənkəran" üzərində 8 ildir qalib gələ bilmirdik. "Qarabağ"la görüşdə isə 9 oyunluq qələbəsizlik seriyasına son qoymaq üçün çıxmışdıq. Geriyə baxanda görürük ki, öz səhvlərimiz üzündən xallar itirmişdik. Özümüz o vəziyyətə düşmüşdük, özümüz də qalxmalıyıq. Bütün komandanı təbrik edirəm. Çox sevinirik ki, qələbə qazandıq. Əziyyət çəkdik, bütün komanda yoldaşlarıma "çox sağ olun" deyirəm. Qol vurmağıma baxmayaraq, qələbə tək mənə yox, bütün komandaya aiddir. Düzdür, qol vurmuşam, çox sevinirəm. Amma bu oyun bitdi, gələn oyuna hazırlaşırıq.
- "Xəzər Lənkəran"ın ardınca "Qarabağ”ı da məğlub etdiniz. Birdən-birə nə dəyişdi ki, hər iki matçda top buraxmadan qələbə qazandınız?
- "Dəyişdi" deyəndə ki, bu futboldur. Futbolda zəif rəqib həqiqətən yoxdur. Bunu dəfələrlə görmüşük. Həm özümüzü, həm də rəqiblərimizi nəzərdə tuturam. Heç bir şey dəyişməyib. Sadəcə, daha ciddi hazırlaşırıq, əziyyət çəkirik. Ona görə də xallar qazanırıq.
- Ola bilərmi ki, Samir Əliyevin vaxtında komandada özünəinam yox idi?
- Xeyr, elə şey yox idi. Sadəcə, mən buna şanssızlıq deyərdim.
- Demək olarmı ki, "Neftçi" çempionluq olmasa da, avrokuboklar uğrunda mübarizəyə qoşuldu?
- Əlbəttə, biz bunun üçün çalışırıq. "Neftçi" elə bir klubdur ki, onun etiketi həqiqətən də böyük məna daşıyır. Bütün oyunlara qələbə üçün çıxır, bunun üçün çalışırıq.
- İlk cərimə zərbəsini Ruslan Qurbanov, ikincini isə sən vurdun. Qol epizodundan öncə o, sənə nə dedi?
- Mənə dedi ki, tələsmə. Cavab verdim ki, narahat olma.
- Qol vurmaqdan əlavə topu özündə saxlayır, vaxtı "öldürürdün". Bu, baş məşqçinin tapşırığı idi?
- Əlbəttə, oyunun gedişində o qədər şeylər olur ki... Əsgər müəllim bəzi tapşırıqlar verdi. Ona uyğun olaraq, bəzən geridə qalır, bəzən də irəli çıxırdım. Baş məşqçi nə deyirsə, ona da əməl etməyə çalışırıq.