Gündəmi zəbt edən Əliyar Ağayev (Aliyar Aghayev). Necə də olmasın. Axı o, avrokuboklarda qrup mərhələsində oyun idarə edəcək ilk hakimimiz kimi tarixə düşdü. Çoxdan gözlənilən təyinat nəhayət, bu gün açıqlandı. Ağayevin başçılıq etdiyi briqadada yer alan Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov, Rəhim Həsənov və Orxan Məmmədov Avropa Liqasının qrup mərhələsinin son turunda iş başında olacaqlar. Bu, Vyanada yerli "Rapid”lə Mİnsk "Dinamo”su arasında oktyabrın 10-da Bakı vaxtilə saat 22:00-da keçiriləcək matçdır.
Yenə Minsk "Dinamo"su
Beləliklə, həmin gün, 1/16 finala çıxmaq şansı qalan "Qarabağ” və qrupda ilk qələbəsini qazanmağa çalışacaq "Qəbələ"ylə bərabər Əliyar Ağayevin briqadasını diqqətdə saxlayacağıq. Bir vaxtlar milli komandamızın, klublarımızın beynəlxalq oyun keçirdiyi "Ernst Happel” stadionunda bu dəfə azərbaycalı hakimlər ayaq basacaqlar.
Bununla da Əliyar futbolumuzda 2-ci rekorda imza atcaq. Məsələ ondadır ki, 28 yaşlı Ağayev FİFA referisi dərəcəsini alan ən gənc hakimimiz kimi adını tarixə yazdırıb. O, buna 2013-cü ildə - 26 yaşı tamam olmamış nail olub. Əliyar 3 ildə həm daxili, həm də beynəlxalq yarışlarda 100-dən çox oyun idarə edib. O, Avropa Liqasında indiyədək 3 matçda baş hakim olub. Ancaq bunlar təsnifat mərhələsi matçları idi. Maraqlıdır ki, Ağayev həmin turnidə debütündə məhz Minsk "Dinamo”sunun oyununu idarə edib. Sadəcə, 2013-cü ilin iyulun 11-də keçirilən həmin qarşılaşma Minskdə olmuş və meydan sahiblərinin 5:0 hesablı qələbəsiylə nəticələnmişdi.
İlk müəllifi Nazim Süleymanovdan düşərli medal
Əliyar bu ilin əvvəlində, İdman Araşdırmalar Mərkəzinin (İAM) təşkilatçılığı, Sportnet.az saytının informasiya dəstəyi və Kolizey Insaatın sponsorluğu ilə keçirilmiş "FUTPROQNOZ" yarışmasında mükafatçılar biri – 2-ci yerin sahibi olmaqla fərqlənmişdi. "Kolizey İnşaat"ın "Eurohome" Ticarət Mərkəzində yerləşən mağazasında təşkil olunmuş mükafatlandırma mərasimi xüsusi bir günə - fevralın 17-nə təsadüf etmişdi. Məsələ ondadır ki, Azərbaycan futbolunun canlı əfsanələrindən olan Nazim Süleymanovun həmin gün 50 illik yubileyi idi.
Süleymanovun Ağayevin boynundan asdığı medal beynəlxalq dərəcəli hakimimizə həqiqətən düşərli oldu. Hər halda, Nazim müəllimün özü də futbolumuzda ilklər müəllifidir. O, millimizin həm rəsmi oyunlarda, həm də ümumiyyətlə, ilk qolunun müəllifidir, ilk kapitanıdır. Məhz Süleymanov xaricdə çempion olan ilk legionerimiz olub. Nazim müəllimin oynadığı 90-ci illərdə klublarımızın qrup mərhələsinə düşməsi bizim üçün əlçatmaz arzu kimi görünürdü. O vaxt hətta mərhələ keçməyi bacarmırdıq. Ancaq sonradan bunu həm İntertoto kubokunda, həm də Çempionlar Liqasıyla UEFA kubokunda (hazırkı Avropa Liqası) gerçəkləşdirdik. 2012-ci ildə "Neftçi”nin tarixi uğuruyla qrup mərhələsinin qapısı klublarımızın üzünə açıldı.
İndi isə bu hakimlərimizə aid oldu.
Yalnız bu təyinat kifayət olmayacaq
Əlbəttə, bu, nə qədər uğur olsa da, yalnız bir təyinat bizim üçün kifayət olmayacaq. Əliyar Ağayev sadəcə, cığıraçandır və ardınca növbəti təyinatları, özü də daha məsul oyunlara gözləyirik. Hər halda, "Rapid” – "Dinamo” oyunu 1/16 finala vəsiqə uğrunda həlledici matç deyil. Meydan sahibləri bu vəsiqəni artıq qazanıblarsa, qonaqlar bütün şanslarını itiriblər.
Təbii ki, ümidlərimizin həyata keçməsi Ağayevin etimadı necə doğrutlmasından çox asılı olacaq. Bu işdə Əliyara və köməkçilərinə uğurlar arzulayırıq. İnanırıq ki, bir vaxt gələcək, Ağayevin əsas yığmaların seçmə, onun timsalında azərbaycanlı hakimlərin final mərhələsi oyunlarına təyinatı xəbərinə sevinəcəyik.
Təbriklər, Əliyar!
Mehman Süleymanov