"Qəbələ”
klubu ilə müqavilə bağlayan Azərbaycan yığma komandasının yarımmüdafiəçisi Cavid
Hüseynov "İnter”ə transferinin baş tutmamasının səbəbini açıqlayıb. 26 yaşlı futbolçu Sportnet.az-ın əməkdaşı ilə söhbətində yekun qərarı son anda qəbul
etdiyini bildirib.
O, "bankirlər”lə
anlaşmamasının səbəbini Elvin Məmmədovla əlaqələndirib. Hüseynov "Qəbələ”yə
keçidinin 2-3 saat ərzində həllini tapdığını bildirib: "Mən "İnter”lə danışıq
aparırdım. Ancaq sonda fikrimdən daşındım. Buna səbəb isə Elvin Məmmədovun "İnter”də
olmasıdır. "Bakı”da da Elvinlə eyni mövqedə oynayırdım. İstəmədim ki, "İnter”də
də eyni yer uğrunda mübarizə aparaq. Həm Elvinin, həm də mənim rahat oynamağım
üçün "Qəbələ” variantını seçdim. Kimsə düşünə bilər ki, "Qəbələ”yə
pula görə üstünlük verdim. Ancaq bu, belə deyil. Hər iki klubdan da maraqlana bilərsiniz.
"İnter” və "Qəbələ” mənə eyni məbləği təklif edib. Kaxaber Tsxadadze ilə
danışdım. İnanıram ki, gürcüstanlı mütəxəssis onun rəhbərlik etdiyi komandaya
keçməməyimin səbəbini gözəl başa düşüb”.
26 yaşlı
yarımmüdafiəçi millidə çiyin-çiyinə oynadığı futbolçularla əyalət klubunda da
birgə mübarizə aparacağından danışıb: "Düşünrəm ki, "Qəbələ”də futbol oynamaq
üçün hər şey var. Millidən çox yaxşı tanıdığım futbolçular da bu kollektivdə
toplaşıblar. Hamısı ilə münasibətlərim yaxşıdır. İnanıram ki, çətin olmayacaq”.
Hüseynov
yeni komandasının Avropa Liqasındakı çıxışı barədə də fikirlərini bildirib: "İnanıram
ki, "Şiroki Briyeq”lə cavab oyununda möcüzə etmək olar. Sadəcə, hər bir futbolçu özünə inanmalıdır.
İnam olduğu yerdə hər bir şey etmək mümkündür. Düzdür, çətindir. Amma müsbət nəticə
qazanmaq olar”.
Qeyd edək ki, Cavid Hüseynov müqavilə ilə məxsus olduğu "Bakı”dan maliyyə problemləri səbəbindən qarşılıqlı razılıq əsasında ayrılıb.