
Avropa Liqasının II
təsnifat mərhələsində İsveçin "Elfsborq” klubu ilə qarşılaşacaq Bakı "İnter”inin
prezidenti Georgi Nikolov Skandinaviya təmsilçiləri
ilə görüşlərdə uğursuz çıxış etməsinə münasibət bildirib. Bolqarıstanlı funksioner
Sportnet.az-a ötən mövsüm paytaxt təmsilçisinin Norveç "Tromsö”sü ilə görüşlərin nəticələrinə əsasən qitəmiqyaslı
turnirdən kənar qalmasına dair açıqlama verib.
O, məsələyə fərqli prizmadan
yanaşıb: "Ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində Finlandiya "Mariehamn”ını
Avroliqadan kənarlaşdırdıq. Deməli, hər şey yaxşıdır. Əlbəttə, "Elfsborq”la Avroliqada
debüt edən "Mariehamn”ı müqayisə etmək düzgün çıxmaz. İsveç təmsilçisi daha təcrübəlidir
və ifaçıları da daha istedadlıdır. Buna baxmayaraq, paraleli "Tromsö” ilə yox, Finlandiya
təmsilçisi ilə aparmağın tərəfdarıyam. Hər halda iki oyun başa çatdıqdan sonra
bu komandanın da həmin sıralamaya daxil olacağına ümid edirəm”.
Qeyd edək ki, "Elfsborq" - "İnter" görüşü iyulun 17-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıda baş tutacaq təkrar qarşılaşma iyulun 24 saat 21:00-da start götürəcək.