
"Xəzər Lənkəran" klubunun sabiq futbolçusu Adrian Pit FİFA və UEFA-ya şikayət edib. Bu barədə Sportnet.az-a 31 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.
Onun sözlərinə görə, səbəb klubun ona 5 ayın borcu və mükafatını ödəməməsi olub. Rumıniyalı legioner artıq beynəlxalq qurumlara müvafiq sənədləri göndərdiyini əlavə edib: "İyulun 17-də UEFA, iyulun 18-də isə FİFA-ya müraciət etmişəm. Klubun mənə 2013-cü ilin avqust, eləcə də 2014-cü ilin mart, aprel, may və iyun ayları üzrə əmək haqqı, üstəlik, bu ilin yanvarı üçün bonus borcu qalıb".
Lakin Pit borcun məbləğini açıqlamayıb: "Bunu klub rəhbərliyindən soruşun".
Qeyd edək ki, Adrian Pit "Xəzər Lənkəran"a 2011-ci ildə transfer olunub. O, 2013-cü il iyulun 25-də "Xəzər Lənkəran"ın İsrailin "Makkabi" (Hayfa) komandası ilə keçirdiyi Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə 0:8 hesablı məğlubiyyətdən sonra transferə çıxarılıb. Lakin Pit hələ də özünə yeni komanda tapa bilməyib.