
Azərbaycan Premyer Liqasının debütantı "Araz Naxçıvan" heyətindəki legionerləri milliləşdirməyə qərar verib. Sportnet.az-ın məlumatına görə, artıq David Janalidze və Ruslan Zubkov Türkiyədəki yoxlama matçlarının protokolunda azərbaycanlı soyadı ilə qeyd olunub.
Gürcüstanlı hücumçu Canıyev, ukraynalı müdafiəçi isə Zamanov soyadı ilə təqdim edilib. Yerli futbolçularla Premyer Liqaya hazırlaşan "Araz Naxçıvan"ın əcnəbi futbolçularını milliləşdirməsinin böyük ehtimalla komandada olan "legioner senzurası" ilə bağlı olduğu güman edilir.
Amma hər halda, klubun saytında təqdim olunan soyad dəyişikliyinin sadəcə bir səhv, yoxsa rəsmi dəyişiklik olduğunu öyrənmək üçün Sportnet.az komandanın baş məşqçisi Əsgər Abdullayevlə əlaqə saxlayıb. Abdullayev məsələdən agah olmadığını bildirib. Təcrübəli mütəxəssis məsələni tam dəqiqliyi ilə öyrənmək üçün klubun mətbuat katibi ilə əlaqə saxlamağı məsləhət görüb.
"Araz Naxçıvan"ın mətbuat katibi Ceyhun Məmmədov isə Sportnet.az-a açıqlamasında xəbəri nə təsdiq, nə də inkar edib. O, yaxın günlərdə məsələ ilə bağlı ictimaiyyətə məlumat veriləcəyini bildirib.
Qeyd edək ki, hər iki futbolçu ötən mövsüm I divizionda Zubkov və Janalidze soyadları ilə oynayıb. Hətta Janalidze 24 qolla bombardirlər siyahısında 2-ci olub.