
"Qəbələ"nin hücumçusu Viktor Mendi Topaz Premyer Liqasının III turunun açılış matçında üz-üzə gələcəkləri "Bakı" ilə oyundan danışıb. Sportnet.az-ın məlumatına görə, Mendi yenidən paytaxt təmsilçisini məyus etmək istədiyini bildirib.
Baxmayaraq ki, o, "Qəbələ”nin heyətində 25 qolundan 5-ni "Bakı”nın qapısından keçirib. "Qırmızı-qaralar”ın heyətində paytaxtın eyniadlı təmsilçisinə ən çox qol vuran hücumçu bu uğurunu davam etdirmək iddiasındadır: "Ümid edirəm ki, çox qol vurmağa davam edəcəyəm. Bu komandaya qol vura bilsəydim, özümü xoşbəxt hiss edərdim. Hücumçu üçün ilk qol önəmlidir. Çünki adətən ilk qolu vurduqdan sonra davamı da olur”.
Seneqallı hücumçu rəqib haqda da danışıb: "Bakı” ilə oyunumuz çətin olacaq. Bu komandadan çox oyunçular gedib. Amma biz yenə də çalışacağıq ki, qalib gəlib, növbəti 3 xalımızı əldə edək”.
Mendi II turun "Araz-Naxçıvan”la oyununda sonradan meydana daxil olmuşdu. Hücumçu həmin görüşdəki 1:0 hesablı qələbənin növbəti uğurlar üçün təkan olacağını düşünür: "Çox yaxşı oyun oldu. Premyer Liqada ilk 3 xalımızı qazandıq. İndi bu 3 xalı növbəti oyunlardakı uğurlarla artırmalıyıq”.