Elşən MƏMMƏDOV
"Qarabağ"ın ötən gün çempionluq kuboku ilə həyata keçirdiyi Quzanlı turnesi mənə təqribən 10 il öncəni - 27 dekabr 2004-cü ili xatırlatdı. Həmin vaxt da bu klub təmsil etdiyi rayona getmiş, özü ilə kubok olmasa da, formalar, toplar və digər idman ləvazimatları apararaq, Quzanlıdakı orta məktəb stadionunda paylamışdı. Bəndəniz isə həmin səfərin də geniş əhatə olunduğu
yazısı ilə "Komanda" qəzeti və "Fanat.az"ın birgə keçirdiyi müsabiqədə qalib olmuşdu.
Dünən nə mən, nə də saytımızın əməkdaşı səfərə yollana bildi. Hərçənd, belə bir istəkdə olduğumuzu klubdakı həmkarımıza, Ağdama səfər xəbərini rəsmi sayta yox ha, öz "Facebook" səhifəsinə yerləşdirdiyi andan bir neçə dəfə bildirmişdik. Amma nə olsun? Sanki bu səfər üçün də "Şengen" vizası lazım imiş. Nə bizə Bakıdan çıxma saatı deyildi, nə də yeri...
Son zamanlar bəzi həmkarlarımız üçün "Facebook" səhifəsi klub adından bəyanatlar vermək və sonra da özlərini xoşagəlməz vəziyyətdə qoymaq üçün "ideal məkan"a çevrilib. Bu anlamda "Kim Ağdama getmək istəyirsə, mənimlə əlaqə saxlasın" tipli açıqlamalar qəribə səslənir. Belə çıxır ki, sabah Fransa və İtaliya səfərlərindən öncə də "Facebook"da "Kim getmək istəyirsə, mənə zəng eləsin" statusunu və jurnalistlərin "Məni apararsınız? "Şengen"im də var" reaksiyasını görsək, təəccüblənməməliyik.
Məsələ nə bir günlük Quzanlı turnesində, nə də demək olar ki, gedəndən gələnədək işləməkdən ibarət, kiminsə bir neçə saatlıq vaxt tapıb şəhər gəzintisinə çıxdığı xaricə səfərdədir. Təbii ki, heç kim hansısa tədbirin işıqlandırılmasında həmkarından geri qalmaq istəməz. Amma Quzanlı turnesi və ya xaricdəki oyunlarının işıqlandırılması ilk növbədə, klubun özü üçün maraqlı olmalıdır. Elə isə "Bilmirik nə vaxt çıxırıq" deyə azdırıcı cavablar vermək nəyə lazım?
Belə görünür ki, Ağdamın böyük hissəsi işğal altında qalan ərazisini tanımaq heç "Qarabağ"ın əcnəbiləri üçün də maraqlı deyil. Başa düşürük, qapı-qapı düşüb, "Stadionumuz yoxdur, Quzanlıda da oynamaq istəmirik" deyərək, axırda da süni örtüklü "İnter Arena"ya sığınmaq, nəticədə yarımhəvəskar "Bakı"ya məğlubiyyətdən çətinliklə qurtulmaq komandaya pis təsir edib. Bunun nəticəsidir ki, Quzanlı turnesinə cəmi 3 oyunçu aparılıb. Onların da hər 3-ü yerli və "yedək"də qalanlar. Klub rəsmilərininsə sayı futbolçulardan çox...
Milli komandalara çağırılanları da başa düşdük. Bəs hanı Tahir Süleymanovun sözü olmasın, Reynaldolar, Almeydalar, Çumbinyolar, Diaslar, Corclar? Yəqin ki, onlar da vətənlərinə istirahətə gediblər. Getməsəydilər belə, bəlkə də Ağdama yollanmaq istəməyəcəkdilər. Çünki...
Görün, vəziyyət nə yerdədir: İşğal altındakı ərazilərimizi təmsil edən klub Ukraynaya "Dnepr"lə oyuna getməkdən narahatlığını bildirir. Sanki "Qarabağ" vaxtilə "Qrad" mərmiləri, aramsız atəş sədaları altında oynamayıb. Ukraynanın nəinki müharibə gedən ərazilərinə, heç paytaxt Kiyevə də getmək istəməyən klub legionerlərini Quzanlı turnesinə necə apara bilər?
Belə... "Qarabağ" ermənilərlə üzbəüz rayonun olan-qalan hissəsinə 10 il öncə bundan daha geniş tərkibdə, bundan daha möhtəşəm getmişdi. O, həqiqətən də yaddaqalan, unudulmaz, 5 ildən sonra "Qarabağ"ı qısa müddətli də olsa, Quzanlıda oynamağa vadar edən səfər idi.
Bəs görəsən, ötən gün Quzanlı və ətraf ərazilərdəki Ağdam sakinləri nə qazandılar: Çempionluq kubokumu?