
Təcrübəli futbol mütəxəsisi Vaqif Sadıqovun Sportnet.az-a müsahibəsi...
30 futbolçudan heç birinin cəza və ya zədə almaması millidə motivasiyanın yoxluğunu göstərir"
- Milli komandamızın son oyunu ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Məncə, hamımız razılaşarıq ki, nəticə heç də ürəkaçan olmadı və bu, komandamıza psixoloji təsir edə və yığmamız bu təzyiq altında Bolqarıstana qarşı da sönük oyun göstərə bilər. Ancaq ümid edək ki, məşqçilər korpusu bu oyunu yaxşı təhlil edib komandadakı boşluqları görər və bolqarlarla oyuna tam fərqli heyət, oyun və tam fərqli istəklə çıxar. İndiki halda isə hamımız başa düşməliyik ki, mill komanda bizimdir və ona sonacan dəstək olmalıyıq.
- Berti Foqts Rusiya ilə dünənki matçda yenə heyətdə müxtəlif eksperimentlər apardı. Sizcə, bu, Bolqarıstanla oyun öncəsi atılmış düzgün addım idi?
- Bu suala dəqiqliklə Berti Foqtsun özü cavab verə bilər. Ancaq ola bilər ki, o belə dəyişiklikləri etməklə, Bolqarıstan millisini çaşdırmağı düşünür və ya hansısa xətlərarası əlaqəni bərpa etmək istəyirdi. Yalnız onu deyə bilərəm ki, komanda dünən çoxlu səhv etdi və hücümda çox dişsiz idi. Ruslar isə 3 qolu bizə standart vəziyyətdən, özü də başla vurdular. Mənim təcrübəmə inanırsınızsa, məğlubiyyətin səbəbini başqa yerdə görürəm. Biz Özbəkistan və Rusiya ilə matçlara nəzər yetirsək, komandada 30-a yaxın futbolçu oynamaq şansı qazandı. Lakin onlardan heç biri bu oyunlarda nə zədələndi, nə də sarı vərəqə ilə cəzalandı. Bütün bunlar komandada motivasiyanın olmamasını göstərir, motivasiya olmayanda isə bizdə nəticə olmur. Bolqarlarla oyunda isə komanda daha sərt, motivasiyalı olmalıdır. Yalnız bu halda bizdə nəticə olacaq. Unutmayaq ki, heç bir komandadan səviyyəcə üstün deyilik və bütün oyunlarda sonacan can qoymaq lazımdır. Taktiki cəhətdən məşqçilər korpusu bütün səhvləri analizdən keçirməlidir.
"Sol cinah müdafiəçisi mövqeyi problemdir"
- Demək olar ki, Foqts hər dəfə sol cinah müdafiəçisi mövqeyində Elnur Allahverdiyev, Maksim Medvedev, Ufuk Budak kimi oyunçuları sınaqdan keçirir. Amma o, hələ də yekun qərara gəlməyib. Dünənki oyunda isə həmin cinahda Ruslan Əmircanovu yoxladı...
- Sol cinah müdafiəçisi mövqeyi bu gün millimizdə problemdir. Düzdür, Ruslan Əmircanov həmin mövqeyin oyunçusu deyil, amma Berti Foqts dünən ona 90 dəqiqə oynamağa şans verdi və oyunu məşqçilər tərəfindən təhlil olunacaq. Bolqarıstanla matçda hansı oyunçuya şans verəcəyini isə özü müəyyən edəcək.
- Son 2 oyuna Maksim Medvedev, Rəşad Sadiqov, Mirhüseyn Seydov kimi futbolçuların milliyə dəvət olunmaması heç də birmənalı qarşılanmayıb. Bəs sizcə, həmin oyunçular yığmaya xeyir verməz?
- Medvedev, Sadiqov kimi oyunçuları mən yaxşı tanıyıram onlar müxtəlif vaxtlarda rəhbərliyim altında çıxış ediblər. Hesab edirəm ki, onların hər biri yığma komandaya xeyir verə bilər.
"Səviyyəcə heç kimdən üstün deyilik"
- Sizcə, yığmamız dünənki oyundan sonra qarşıdakı seçmə mərhələdə, xüsusilə Bolqarıstanla matçda nə etməlidir?
- İlk növbədə, istək olmalıdır. Biz bu gün səviyyəcə heç kimdən üstün deyilik. Biz səviyyə baxımından Bolqarıstanı məğlub etmək istiyiriksə, bu alınmayacaq. Yenə qeyd edirəm, bütün komandada motivasiya güclü olarsa, biz istənilən rəqiblə mübarizə apara bilərik. Bunu keçən seçmə mərhələlərdə görmüşük.
- 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası dünən, çoxlarının gözləmədiyi halda, İsraili böyük hesabla məğlub etdi. Bu baradə nə deyə bilərsiniz?
- Mən də vaxtilə gənclər yığmamızın baş məşqçisi işləmişəm. Dünənki qələbə isə hamımızı sevindirdi. Komandamız seçmə mərhələdə 7 xal yığıb ki, bu da 2 qələbə deməkdir. Millimizin qrupda 2-cilik uğrunda mübarizə aparan Norveç və İsraili məğlub etməsi onu göstərir ki cavanlarımızda gələcək üçün yaxşı potensial var.
- Xeli vaxtdır işsizsiniz. Düşünmürsünüz ki, Sizin kimi yerli məşqçilərdənsə, xaricilərə üstünlük verilir?
- Təklif olanda məndən öncə sizdə məlumat olur (gülür). Hazırda isə belə bir təklif yoxdur. Mənim üçün komandalarımızda yerli və ya əcnəbi məşqçinin işləməsinin fərqi yoxdur. Əsas odur ki, hamısı Azərbaycan futboluna xidmət göstərir.
Vasif MƏMMƏDOV