
AFFA Azərbaycan millisi komandasının Xorvatiya yığması ilə keçirəcəyi 2016-cı il Avropa çempionatının seçmə qrup matçının təxirə salınması üçün UEFA-ya müraciət etməyəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə jurnalistlərə qurumun baş katibi Elxan Məmmədov bildirib.
O bildirib ki, millimizin baş məşqçisi Berti Foqts "Xorvatiya ilə görüşün təxirə salınmasını xahiş edəcəyik" sözlərini zarafatca deyib: "Əslində isə UEFA-nın təqvimində olan oyun təxirə salına bilməz".
Qeyd edək ki, millimiz oktyabrın 10-da İtaliya, oktyabrın 13-də isə Xorvatiya ilə üz-üzə gələcək. Qrupun iki favoriti ilə oyunlar arasında cəmi 3 günlük fərqin olması Berti Foqtsu bu açıqlamaya vadar edib. Amma əslində Foqts "Qarabağ" və "Neftçi"nin Avropa Liqasındakı oyunları ilə əlaqədar Topaz Premyer Liqasındakı oyunlarının təxirə salınmasından narazılığını çatdırmaq istəyib.