"Bakı” klubunun və Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılovun Sportnet.az-a müsahibəsi
- Topaz Premyer Liqasının son turunda "Rəvan”la keçirdiyiniz oyundan sonra baş məşqçiniz Milinko Pantiç Sizinlə daha 1 illik müqavilənin olduğunu komandada saxlanılacağınızı dedi. Amma hazırda adınız "Qarabağ”la da hallanır. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, "Bakı” ilə 1 illik müqaviləm var. Digər klublardan da təkliflər almışam, amma ilk növbədə, klubumla danışmalıyam. Rəhbərlik razılıq verərsə, ondan sonra başqa variantları dəyərləndirərəm. Razılıq verməsələr, burada da qalacağam.
- Klubla danışıqlarınız olub?
- Xeyr, olmayıb. Bu ayın 28-dən sonra olacaq. Zeynal müəllim ("Bakı"nın sabiq vitse-prezidenti Zeynal Zeynalov - red.) dedi ki, klub prezidenti ilə görüşüm, oturub söhbət edək və məsələni aydınlaşdıraq. Həmin görüşdən sonra hər şey məlum olacaq.
- Bəs "Qarabağ”dan təklif almısınız?
- Açığı, hələ bu söhbətləri şişirtmək istəmirəm. Yalnız "Qarabağ” deyil, digər variantlar da var. Amma əvvəlcə klubumun fikrini öyrənməliyəm. Ondan sonra hansısa təklifi dəyərləndirə bilərəm.
- Xarici klublardan da təklif almısınız?
- Mənim menecerim Türkiyədə işləyir. Türkiyədən də 1-2 variant var. Açığı, istəmirik ki, I divizion klubu olsun. Hesab edirəm ki, Türkiyənin I divizionunda çıxış etməkdənsə, elə "Bakı” variantı yaxşıdır.
- Hazırda Azərbaycan millisi ABŞ-dadır. Sizi niyə çağırmadılar?
- Açığı, bu barədə Berti Foqtsla söhbətim olub. "Bakı”nın oyununda mən qıraqda idim. Foqts soruşdu ki, nə məsələdir, niyə oynamırsan? Mən də sinəmdə çat olduğunu söylədim. Həqiqətən də həmin vaxt sinəmdə çat var idi. Bu səbəbdən, 3-4 həftə futbol oynamadım. Foqts da məni başa düşdü. Onda bildim ki, məni çağırmayacaq. Foqtsla aramda heç vaxt narazılıq olmayıb.
- Hazırda zədəniz nə yerdədir?
- Ondan sonra çox vaxt keçib. Hazırda hər şey normaldır.
- Əgər vəziyyətiniz yaxşıdırsa, niyə yenidən Foqtsa müraciət etmədiniz?
- Həmin vaxt yüngül məşqlər edirdim. Həkimlər deyirdi ki, sənə çox yüklənmək olmaz. Ona görə də istəmədim zədədən çıxan kimi ağır məşqlərə başlayım. Bərpa olunmağım üçün 1 ay lazım idi. Şükürlər olsun ki, o müddət də doldu, indi yaxşıyam.
Elmar VƏLİYEV