Təcrübəli futbol mütəxəssisi Əfqan Talıbovun sportnet.az-a müsahibəsi
- AVRO-2016-nın seçmə mərhələsində millimizdən nə gözləyirsiniz?
- Ümumilikdə Avropa çempionatının bəzi seçmə oyunları başlıyıb və biz komandaların sonacan mübarizə aparmalarının şahidi oluruq. Dünənki oyunlarda Ukraynanın evində məğlubiyyəti, Lüksemburqun Belarusla bərabərə qalması çox şeydən xəbər verir. Bu ildən reqlamentdə edilən dəyişikliklərə görə, artıq hər qrupdan 3 komandanın növbəti mərhələyə keçməsi bütün yığmaları ruhlandırıb. Bolqarlar özlərinə əsas rəqib kimi İtaliya və Xorvatiyanı göstərirlər, amma Norveçi də hesabdan silməməliyik. Elə bizim də şanslarımız az deyil. Ona görə də bizi builki oyunlarda çox ciddi rəqabət gözləyir. Biz həm səfərdə, həm də evdə xal və ya xallar qazanmalıyıq. Bu gün isə milli komandamız da seçmə mərhələdə ilk addımını atır və ümid edirəm ki, bu tsikl bizə uğurlu olacaq. Artıq hamı klublarımızla birgə yığmamızın da uğur qazanmasını gözləyir.
- Bolqarıstan yığması ilə oyuna uğur qazanmağın yolu nədədir?
- Matça çox ehtiyatlı başlamaq lazımdır. Bolqarıstan futbolu da çoxdandır yığma komandalar səvviyəsində kölgədə qalır. Onların klubu "Ludoqorets”in bu mövsüm Çempionlar Liqasının qrupuna düşməsi təsadüfi deyil. Həmin komandanın heyətində oynayan 6-7 oyunçu Bolqarıstan yığmasının da əsasını təşkil edir. Biz bolqarlarla milli komanda səviyyəsində rəsmi olaraq qarşılaşmamışıq və onlar bizə o qədər də tanış deyil. Ona görə də ehtiyatlı olub, oyunun sonrakı gedişində rəqibin zəif nöqtələrindən yaralanmaq lazımdır.
- Bolqarıstan millisi Bakıya müəyyən itkilərlə gəlib. Sizcə, bu itkilər rəqibə necə təsir edəcək?
- Təbii ki, hər bir komandada əsas heyət üzvlərinin olmaması rəqibə müəyyən üstünlüklər verir. Böyük ehtimalla, bolqarların heyətində də rəqabət var və oynamayan futbolçuların yerinə çıxış edənlər özlərini doğrultmağa çalışacaqlar.
- Son yoxlama oyunlarında millimizin müdafiə xəttində, xüsüsən sol cinah müdafiəçisi mövqeyində problemlərın olduğu görünür. Berti Foqts da həmin mövqeyə 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Tərlan Quliyevi dəvət edib. Siz necə düşünürsüz, Quliyevi bugünkı oyunda start heyətində görə biləcəyik?
- Fikrimcə, Foqts belə risk etməz, çünki Tərlanın bu cür oyunlarda təcrübəsi azdır. Düzdür, aşağı yaş qrupları üzrə yığmalarımızda müəyyən beynəlxalq təcrübə yığıb və oyunda həyəcanlanmasa, bu işin öhdəsindən gələ bilər. Tərlan elə bir futbolçudur ki, bir neçə mövqedə oynamağa qadirdir. Berti Foqts bu mövqe ilə bağlı hələ qərara gəlməyib, ancaq fikrimcə, bu gün sol cinah müdafiəçisi mövqeyində Foqts Ufuk Budakı oynadacaq.
- Milli komandaya son oyunlarda Almaniyadan gəlmə futbolçular çağırılsa da, biz həmin futbolçuların heç də milli səviyyəsində olmadığını gördük. Hazırda isə Reynaldonun milliləşdirilməsi ilə bağlı məsələ gündəmdədir. Bunun baş verməsi yığmamıza xeyir verəcək?
- Reynaldo milliləşdirilərsə, biz uzun müddət Azərbaycan yığmasının hücüm xəttində azərbaycanlı görə bilməyəcəyik. Bizim yığmada oynasa, gərək öz hücümçularımız onu heyətdən sıxışdırmaq üçün gecə-gündüz çalışsınlar. Bununla belə, Reynaldonun millizə xeyri çox olacaq. Çünki o, istənilən vəziyyətdən rəqib üçün təhlükəli futbolçudur.
- Berti Foqtsun Rusiya ilə matçdan sonra "Rəqib komandanın oyunundan zövq aldım” açıqlaması heç də birmənali qarşılanmadı. Siz bu açıqlamanı necə dəyərləndirərdiniz?
- Biz Rusiya ilə iki dəfə rəsmi oyunlarda bərabərə qalmışıq. Ruslar həmin matçlarda daha çox intizamlı oyuna üstünlük verirdilər. Konkret, sonuncu oyuna gəldikdə isə Rusiya milli komandası başqa futbol oynayıb, orta sahəni çox asanlıqla yarırdı. Müasir futbolda isə bu fakt çox önəmlidir. Yəqin ki, Foqts bu açıqlamanı onların sürətli oynamağına görə deyib.
- İndiyədək Foqtsu tənqid etməyən yerli məşqçilər artıq bunu etməyə başlayıblar. Sizcə, bu kimlərinsə sifarişi ilə edilir?
- Yox. Mən elə düşünmürəm ki, bizim yerli məşqçilər sifarişlə Foqtsun arxasınca danışsın. Ümümilikdə baxdıqda ona verliən vaxt heç də az deyil. Foqtsun başında olduğu millimiz ilk tsiklərdə müəyyən inkişafa nail oldu, amma artıq reqlamentin dəyişməsi ilə hamı kimi yerli məşqçilərin də nəticə tələb etməyə haqqı var və bunun üçün hansısa sifarişə ehtiyac yoxdur.
- Sonda millimizdən bu gün hansı nəticəni gözləyirsiz?
- Bolqarıstan nə Hollandiya, nə Fransa, nə də İngiltərə kimi şişirdiləsi rəqib deyil. Bu gün gözəl atmosferdə güclü azarkeş dəstəyi ilə yaxşı oynamaq lazımdır. Mən isə millimizin 1:0 hesabı ilə qalib gələcəyini düşünürəm.
Vasif MƏMMƏDOV