Özbəkistanın paytaxtı Daşkənddə güləş üzrə dünya çempionatı davam edir. Sportnet.az-ın məlumatına görə, çempionatın beşinci günündə 63 kq çəki dərəcəsində qadın güləşçilər, 75 və 85 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıb.
Azərbaycan təmsilçiləri günü 1 gümüş və 1 bürünc medalla başa vurublar.
75 kq çəki dərəcəsində güləşən Elvin Mürsəliyev ilk görüşdə uduzsa da, rəqibinin finala yüksəlməsi ilə təsəlliverici görüşlərə qatılıb. Bu zaman o, ardıcıl olaraq Avstriya güləşçisi Florian Marçili və Meksikadan Juan Eskobarı tam üstələyərək bürünc medal şansı əldə edib. Həlledici görüşdə Mürsəliyev Gürcüstan idmançısı Zurabi Datunaşvili ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma güləşçimizin xeyrinə başa çatıb və Elvin Mürsəliyev Dünya çempionatının bürünc medalına sahib olub.
85 kq çəki dərəcəsində təmsilçimiz ötənilki dünya çempionatının gümüş medalçısı Saman Təhmasibi finala qədər inamla güləşib. O, ardıcıl olaraq Almaniyadan Ramsin Azizsir, Çindən Liang Konq, Gürcüstan təmsilçisi Vladimer Qeqeşidze, yarımfinalda isə Ukrayna güləşçisi Jan Belenyuku mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Finalda güləşçimiz Fransa idmançısı Melonin Noumonviyə uduzub və Dünya çempionatının gümüş medalına sahib olub.
63 kq
1/8 final - Raqnetta Qurbanzadə - Johansson (SWE) 0:11
75 kq
1/16 final - Elvin Mürsəliyev - Arsen Culfalakyan (ARM) 0:9
Təsəlliverici görüş - Elvin Mürsəliyev - Florian Marçil (AUT) 5:0 (təmiz qələbə)
Təsəlliverici görüş - Elvin Mürsəliyev - Juan Eskobar (MEX) 4:1
Bürünc medal görüşü - Elvin Mürsəliyev - Zurabi Datunaşvili (GEO) 1*:1
85 kq
1/16 final - Saman Təhmasibi - Ramsin Azizsir (GER) 3:2
1/8 final - Saman Təhmasibi - Liang Konq (CHN) 2:0
1/4 final - Saman Təhmasibi - Vladimer Qeqeşidze (GEO) 4:0
1/2 final - Saman Təhmasibi - Jan Belenyuk (UKR) 4:0
FİNAL - Saman Təhmasibi - Melonin Noumonvi (FRA) 0:3
Qeyd edək ki, artıq sərbəst və qadın güləşçilərin mübarizəsinə yekun vurulub. Təmsilçilərimizdən Hacı Əliyev (61 kq) qızıl, Xetaq Qazyumov (97 kq) və Yuliya Ratkeviç (60 kq) gümüş, Mariya Stadnik (48 kq) bürünc medal qazanıb.