
"Bu, "Neftçi"yə qayıtdıqdan sonra ilk oyunum idi. Qısa müddətdir ki, komandada çalışıram. Düşündüyüm fəlsəfəni onlara yeritmək üçün qələbə vacib idi". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Arif Əsədov "Xəzər Lənkəran" üzərində 1:0 hesablı qələbə qazandıqları oyundan sonra deyib.
O bildirib ki, belə oyunlarda komandanın xarakteri görünür: "10 futbolçu ilə qalandan sonra heyətdə və taktikada dəyişiklik etdik. Nəticədə qələbə qazandıq. Bununla belə, fiziki baxımdan komandamızda çatışmazlıqlar var. Ona görə də fiziki hazırlıq üzrə mütəxəssis dəvət edilib. Gələcəkdə 10 nəfərlə də layiqli mübarizə aparacağıq".
Əsədov Erik Ramosu ehtiyatda saxlamasını legioner limiti ilə əlaqələndirib. Baş məşqçi bildirib ki, Kaue daha çox hücuma meylli olduğundan, Ramos start heyətə düşə bilməyib. O, hələ fəlsəfəsini komandaya yeridə bilmədiyini də əlavə edib: "Komandanın strukturlu şəkildə oynamasını istəyirəm. Daha çox yerli futbolçu lazımdır. Xüsusən müdafiədə problemlər var. Ona görə də Allahverdiyevi dəvət etdik. Amma hələ formada deyil. Müdafiədə təcrübəli oyunçulara ehtiyac var. Bruno Bertuççi daha hazırlıqlı olduğundan, onu start heyətinə saldım. Həm də ondan yalnız cinahda yararlanmaq istəyirdik. Elnurdan isə digər mövqelərdə yararlana bilərik. Zaman keçdikcə, siz ondan fərqli Elnur görəcəksiniz".
Əsədov "Xəzər Lənkəran"la əvvəlki və indiki oyunları da müqayisə edib: "Komandaların prinsipiallığı bir qədər azalsa da, gərginlik qalıb. Xüsusən, azarkeşlər arasında".