
"Xəzər Lənkəran"la matçda "Neftçi"nin vurduğu yeganə qolun müəllifi Flavinyo jurnalistlərə maraqlı açıqlamalar verib. Braziliyalı hücumçu qələbəni kimə həsr etdiyinə Sportnet.az-ın sualında aydınlıq gətirib...
- Oyun barədə nə deyə bilərdiniz?
- "Xəzər Lənkəran"a qarşı oyunlar həmişə ağır olur. Bu dəfə də qələbə qazanmaq istəyirdik. Azərbaycanda bu oyuna yetərincə motivasiya var. Amma azlıqda qalmağımız bizə çətinlik yaratdı. Çox şükür ki, tez qol vura bildik. Azlıqda qaldıqdan sonra isə müdafiədə yaxşı oynayaraq, qol buraxmadıq.
- Qırmızı vərəqə olmasaydı, matçın taleyi başqa cür alına bilərdi?
- Nəticəni deyə bilmərəm, amma oyun yüz faiz fərqli ola bilərdi. Çünki hücum etməyə daha çox şansımız olacaqdı.
- Matçın gedişində "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyevlə mübahisəniz barədə nə deyə bilərsiniz?
- Qeyd etdiyim kimi, "Neftçi" - "Xəzər Lənkəran" matçları həmişə gərgin keçir. Mənə elə gəldi ki, o, söyüş söydü. Amma 4 ildir burdayam, heç vaxt Rahidlə problemim olmayıb.
- Matçda "Xəzər Lənkəran" azarkeşlərinin olmaması komandanıza necə təsir etdi?
- Bizim üçün yaxşı, rəqib üçün pis idi. Təbii ki, hər iki tərəfdən oyuda azarkeşin gəlməsini və tribunaların dolu olmasını istərdim.
- Son zamanlar elə də inamlı təsir bağışlamırdınız. Düşünmək olarmı ki, bu qol Sizi gələcək oyunlara motivasiya edəcək?
- Təbii ki, yenidən özümü təsdiqləmək istəyirəm. İlk illərimdəki kimi oynamağa çalışıram. Azarkeşlər unutmasınlar ki, bura gələndə 27 yaşım var idisə, indi 31 yaşımdayam. Amma yenə də yaxşı oynaya bilərəm.
- Vurduğunuz qolu kimə həsr edirsiniz?
- Həyat yoldaşımla körpə qızım tribunada idi. Qolumu onlara həsr edirəm.
- "Xəzər Lənkəran"la bir çox matçda iştirak etmisiniz. Bu illər ərzində rəqibiniz güclənib, yoxsa...?
- Bu suala birmənalı cavab vermək mənə çətindir. Fikrimcə, "Xəzər Lənkəran" yaxşı komandadır. Topu yaxşı saxlayırlar. Amma sanki bizdən çəkinirdilər.
Vasif MƏMMƏDOV