
İlkin Qırtımov: "Həmin azarkeşlər arasında olan o ağsaqqal..."
Topaz Premyer Liqasının son 2 turunda meydanı başıaşağı tərk edən Zaqatala "Simurq”u artıq "Qarabağ"la növbəti oyunun hazırlıqlarına başlayıb. Spornet.az-ın məlumatına əsasən, komandanın kapitani İlkin Qırtımov və vitse-kapitanlardan Amil Ağacanov klubun rəsmi internet saytına verdikləri müsahibədə bu mövsüm nəticə qazanacaqlarına inandıqlarını deyiblər...
- Öncə komandanın mövsümə hazırlıq səviyyəsi haqqında fikirlərinizi bilmək istərdik.
- (İ.Q.) Komandamız mövsümə çox yaxşı hazırlıq mərhələləri keçdi. Fikrimcə, hazırda yalnız bir problemimiz var. O da hücum xətti ilə bağlıdır. Lukas Tresnak hələ tam komandaya uyğunlaşa bilməyib. Tək Draqan Çeranla da çox çətindir. Onu da "çox sağ olsunlar” dörd oyunluq cəzalandırıblar. Rəşad Eyyubov boşluğu doldurmağa çalışır. Ancaq Draqansız komandaya çox çətindir. "Neftçi” və "Qəbələ” oyunları da bunu bir daha göstərdi. Təəssüf ki, məğlub olduq bu görüşlərdə. Düzü, rəqib heç də əziyyət çəkib qol vurmadı. Öz səhvlərimizdən qapımızdan top buraxdıq.
- (A.A.) Komandanın mövsümə ümumi hazırlığını yüksək dəyərləndirirəm. Sloveniyada və Avstriyada gözəl təlim-məşq toplanışları keçdik, güclü rəqiblərlə yoldaşlıq görüşləri keçirdik. Nəticədə çempionata da pis başlamadıq. İlk iki turda qapımızdan qol keçirmədən qalib gəldik. Ancaq çox təəssüf ki, son iki turda məğlubiyyətə uğradıq. "Neftçi” ilə oyunda hər kəs gördü ki, necə gözəl oyun nümayiş etdirdik. Ancaq şans bizdən yana olmadı. "Qəbələ” məğlubiyyətindən isə hələ də özümüzə gələ bilməmişik. Çünki bu matçda qalib gəlməyə borclu idik. Uduzulası oyun deyildi. İnanıram ki, tezliklə bu qarşılaşmanı unudub, qarşıdakı matçlarda son iki turdakı səhvləri buraxmadan xallarımızı toplayacayıq.
- Komandanı qarşıda hələ çətin və uzun marafon gözləyir. Sizcə, qarşıya qoyulan məqsədə çatmağa gücünüz çatacaq?
- (İ.Q.) İnanıram ki, çatacaq. İki oyunla çempionat qurtarmayıb. Qarşıdakı turlarda itirdiyimiz xalların əvəzini artıqlaması ilə çıxacayıq. Biz özümüzə inanırıq. İndi hər kəs "Simurq”un gücünü bilir və görür. Əvvəlki kimi deyil artıq. Bütün rəqiblər bizdən çəkinirlər. Bilirlər ki, asan rəqiblə qarşılaşmayacaqlar.
- (A.A.) Ümumi oyun səviyyəsinə baxanda ötənilki "Simurq”dan güclüyük. Komandada hər kəs inanır ki, bu il nəticə verəcəyik və verməliyik də. Sonda turnir cədvəlinin ilk sıralarında olan komandalardan biri də biz olacağyıq. Son dörd oyuna baxanda bunu aşkar görmək olar. Bizdə meydanda lider futbolçu yoxdur. Komanda futbolu oynayırıq. Hər kəs öz işini bilir. Belə olan halda hesab edirəm ki, həmişə nəticə olur. Çünki hamımız eyni məqsədə köklənmişik.
- Rəqiblərinizi necə dəyərləndirirsiz?
- (A.A.) Ümumən baxdıqda çempionatda zəif rəqib yoxdur. Əvvəl deyirdilər ki, "Araz Naxçıvan”, "Sumqayıt” bu mövsüm autsayder olacaq. Ancaq bu gün baxdığımızda, "Sumqayıt” turnir cədvəlinin lideridir. "Araz Naxçıvan” isə bütün rəqiblərlə başabaş mübarizə aparır. Bu səbəbdən bütün komandaların gücünü eyni dəyərləndirərdim. Düzdür, "Qarabağ” heyətinə və oynadığı futbola görə seçilir. Hazırda Avroliqaya başları qarışdığından, bütün güclərini çempionata sərf edə bilmirlər. Ancaq bizim üçün rəqibin kimliyi önəmli deyil. Çıxıb oyunumuzu oynayıb, nəticələrimizi qazanmalıyıq.
- (İ.Q.) 90 dəqiqə oynanılmadan heç bir oyun udulmur. Son oyunumuz da bunun sübutu oldu. Bizim üçün zəif rəqib yoxdur. Hər bir komandaya eyni səviyyədə yanaşırıq və bir şey bilirik ki, hər tur bizim üçün finaldır. Mütləq qalib gəlməliyik.
- Növbəti turda rəqib Avroliqanın qrupunda mübarizə aparan "Qarabağ” olacaq...
- (İ.Q.) "Qarabağ”ın sabah "Sent Etyen"lə oyunu var. Ardınca bizimlə matça çıxacaqlar. Təbii, gözləmək olar ki, bu onların oyunlarına təsir göstərəcək. Ancaq belə şeylərə arxayın olmalı deyilk. Rəqibi yaxşı analiz edib, qalib gəlməyə çalışacayıq.
- (A.A.) Bütün rəqiblərimizə eyni səvviyədə baxırıq və eyni güclə hazırlaşırıq. Ümid edirəm ki, iki ardıcıl məğlubiyyətdən sonra dönüş edə biləcəyik. Səfərə yalnız qələbə üçün çıxacağıq. Komandada hər kəs bunu yaxşı bilir və yaxşı hazırlaşıb, səhvlərimiz aradan qaldırmağa çalışacayıq.
- Ardıcıl iki məğlubiyyət azarkeşlərə pis təsir edib, onlar məşqçilər heyətini və futbolçuları qınamağa başladılar. Sosial şəbəkələrdə xoşagəlməz fikirlər səsləndirdilər. Buna nə demək istərdiz?
- (İ.Q.) Həmin azarkeşlər arasında olan o ağsaqqallar, yəqin, "Simurq”un əvvəlki vaxtlarını unudublar. Komanda hər gələnə-gedənə məğlub olurdu. İndi isə güclü komandamız var. Hər bir rəqib bizimlə hesablaşmalı olur. Heç kəs bizimlə oyunda asanlıqla xal qazanmır. Belə çıxır ki, qalib gələndə yaxşıyıq, məğlub olanda pis. Bu, futboldur. Kim istəyər ki, uduzsun? Hər oyunda bizi dəstəkələməyə yaşlısı, cavanı, uşağı gəlir. Hətta əlil arabasında belə, gəlib bizi qələbəyə səsləyən azarkeşlərimiz var. Hansı futbolçu istəyər ki, onların qabağında meydanı başıaşağı tərk eləsin? Özləri də oyun vaxtı o qədər əziyyət çəkirlər. Əgər bizə dəstək olmaq istəyirlərsə, sona qədər yanımızda olsunlar. Heç kəs əziyyət çəkmədən də pul qazanmır. Qazandığımızdan da həmişə ehtiyacı olanlara kömək edirik. O fikirləri bildirənlər də bunu yaxşı bilir. Bunu hər hansı uşaq yazsaydı, heç fikir belə verməzdik. Ağsaqqal aranı sakitləşdirməkdən, vəziyyəti düzəltməkdən, əksinə, bu barədə fikir səsləndirir. Hörmət etdiyimiz adamdan belə bir hərəkət görəndə bizə çox pis təsir göstərir.
- (A.A.) Yaxşı gündə adamın yanında dostu da olur, düşməni də. Hər kəsi pis gündə tanımaq olur. İki oyun qalib gələndə rəhbərlikdən başqa heç kəs gəlib çox sağ ol demədi. Ancaq məğlub olan kimi həm məşqçini qınayırlar, həm də futbolçuları. Özlərini ağsaqqal hesab edənlər ağızlarına gələni deyirlər, yazırlar. Biz onlardan hər bir zaman yanımızda olmağını istəyirik. "Simurq” Zaqatalanı təmsil edir. Zaqatala adı üçün meydanda mübarizə aparırıq. Hər bir zaman da istəyirik ki, yaxşı nəticələrlə onları sevindirək. Futbolda həmişə qalib gəlmək olmur. Futbolçu da insandır. Səhv buraxır və bunun da nəticəsində bəzi matçlarda istədiyimiz nəticəni qazana bilmirik. Çətin günümüzdə bizimlə olun. Heç kəs evinə bu komandada haram pul aparmır. Qazandığımız pullarla neçə dəfələrlə zaqatalalıların sağlamlıqlarını bərpa etmək üçün yardım etmişik. Biz həmin futbolçularıq. Futbolda heç kəs rahat pul qazanmır. Məğlub olanda biz də pis oluruq. Kim istəməz ki, gözəl nəticələrlə valideynlərini, yaxınlarını, komandanın rəhbərliyini, siz azarkeşləri sevindirməsin.