AFFA-nın KİVDF ilə birgə elan etdiyi "AVRO 2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti" mövzusunda müsabiqənin vaxtının oktyabrın 15-dək uzadılması müəyyən şübhələrə yol açıb. Sportnet.az-ın məlumatına görə, 2020-ci il Avropa çempionatına namizədliyini verən Bakının qalib olub-olmayacağı sabah bilinməlidir.
Paytaxtımız 13 qalib şəhər arasına düşə bilməsə, elan edilmiş mövzu üzrə yazı heç bir məntiqə uyğun gəlməyəcək. Çünki Bakıda baş tutmayan oyunlar üçün nə yazmaq olar? Ən yaxşı halda, belə: "Oyunlar Bakıda keçirilsəydi, ölkəmiz, futbolumuz, AFFA, azarkeşlərimiz və s. bundan qazana bilərdilər. Bunun üçün hər cür infrastrukturumuz vardı. Heyf ki, alınmadı. UEFA-dakılar Azərbaycan futbolundakı inkişafı görmədilər və ya görmək istəmədilər..." Bir sözlə, daldan atılan daş... O daş da ki, UEFA-dakılardan heç kimin topuğuna da olmayacaq və ya dəyməyəcək.
Amma Bakı qalib olsa, yazıların, təriflərin sayı astronomik sürətlə artacaq, nəticədə münsiflər ən yaxşı yazının qalibini müəyyənləşdirmək üçün dəridən-qabıqdan çıxmalı olacaqlar.
İş də elə bundadır. Sentyabrın 19-da nəticəsi məlum olacaq tədbir haqda yazılar ən uzağı bu günkü tarixədək tamamlanmalı idi. Yox, uzadılırsa, demək, Bakının qələbə qazanacağına bir arxayınlıq, müsbət nəticəyə öncədən inam var. Lakin inam da əsas deyil. Belə fikir formalaşa bilər ki, nəticələr əvvəldən məlumdur və Bakının qalib şəhərlər arasına salınma məsələsi öncədən razılaşdırılıb.
Təbii ki, azərbaycanlıların hamısı Avropa çempionatı kimi mötəbər yarışın final mərhələsinin Bakıda təşkilini arzulayır. Amma qələbə elə qazanılmalıdır ki, məğlub şəhərlərin ədalətli mübarizəyə heç bir şübhə yeri qalmasın.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Sportnet.az-a bildirib ki, müsabiqə vaxtının uzadılması barədə qərar KİVDF ilə birgə qəbul olunub. Onun sözlərinə görə, məqsəd yazıların sayını daha da artırmaqdan ibarətdir: "Düzdür, indiyədək çoxlu yazı təqdim olunub. Aralarında kifayət qədər maraqlıları da var. Amma istədik ki, sayları daha çox olsun".
Bakının qalib olub-olmayacağı bilinmədən müsabiqənin vaxtını uzatmağa gəldikdə, Nərimanoğlu müştərək qərara belə məntiq verməyə çalışıb: "Məgər 2016 və 2020-ci il Yay Olimpiya Oyunlarının təşkilatçılıq hüququnun Bakıya verilməməsinin səbəbləri barədə yazılar yazılmır? Bakı qalib şəhərlər arasında olmasa da, təşkilatçılığımızın əhəmiyyətindən yazarlar".
"Belə çıxmırmı ki, Bakı qalib olub?" sualına isə AFFA rəsmisi "Gəlin, bir gün də gözləyək" cavabını verməklə kifayətlənib.
Qeyd edək ki, Bakı 2020-ci il Avropa çempionatına namizədliyini irəli sürən 19 şəhərdən biridir. UEFA İcraiyyə Komitəsi sabah saat 16:00-da 13 qalib şəhərin adını açıqlayacaq.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |