
"Oyun bizim üçün yaxşı keçdi. Mən bütün futbolçularıma mükəmməl oyuna görə təşəkkür edirəm". Sportnet.az-ın məlumatına görə, bunu "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze "Bakı" üzərində 7:0 hesablı qələbə qazandıqları Topaz Premyer Liqası matçından sonra deyib.
Gürcüstanlı mütəxəssis bildirib ki, bu oyun "bankirlər"in psixoloji cəhətdən köklənməsi üçün vacib idi: "Bilirsiniz ki, "Qarabağ” qrup mərhələsinə düşdükdən sonra məhz "Bakı” ilə oyunda xal itirmişdi. Biz 3 qol vurduqdan sonra ötürmələrdə müəyyən səhvlər etdik. Amma bir müddət sonra hər şey qaydasına düşdü. Oyundan sonra futbolçulara dedim ki, bu hesabı unudun. Çünki bizi qarşıda AZAL ilə çox çətin oyun gözləyir”.