
Azərbaycan Güləş Federasiyasında yeniyetmə və gənclərdən ibarət yığma komandaların məşqçiləri ilə görüş keçirilib. Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, məqsəd ilin ilk 9 ayı ərzində qazanılan nailiyyətlərin analizi, yığma komandaların hazırki vəziyyətini və qarşıdan gələn yarışlara hazırlığın müzakirəsi, məşqçilərin fəaliyyətini qiymətləndirmək məqsədi daşıyıb.
Baş katib Əjdər Cəfərov xüsusilə kiçik yaşlı yeniyetmələr arasında perspektivli güləşçilərin diqqətdə saxlanmasının vacibliyini bildirib: "İl ərzində qazanılan nailiyyətlər nə idmançılarımızda, nə də məşqçilərimizdə durğunluğa səbəb olmamalıdır. Bu nailiyyətlərin davamlı olması üçün maksimum çalışmaq lazımdır. Xüsusilə ehtiyat qüvvələrin aşkarlanması və diqqətdə saxlanılması vacib məsələdir. Federasiya rəhbərliyi kiçik yaşlı yeniyetmələrin hazırlığına xüsusi diqqət yetirir. Məhz bu məqsədlə federasiya prezidenti Fazil Məmmədov tərəfindən yeniyetmə və gənc güləşçilərin inkişafı proqramı təsdiqlənib və uğurla icra edilir. Perspektivli güləşçilər yığma komandalara cəlb olunur, yerli və beynəlxalq səviyyəli müxtəlif yarışlarda sınaqdan keçirilir. Bu işlər fasiləsiz davam etdirilməlidir".
Görüşün yekunu olaraq, yığma komandalara ehtiyat qüvvələrin cəlb edilməsi və perspektivli güləşçilərin aşkarlanması məqsədilə federasiya rəsmilərindən və məşqçilərdən ibarət nümayəndə heyətinin bölgələrə səfərləri qərara alınıb.