
2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının baş sponsorluğuna dair Əməliyyat Komitəsi ilə Azərbaycan Hava Yolları (AZAL) arasında müqavilənin imzalanmasna dair tədbir keçirilib. Sportnet.az-ın məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov əlamətdar gündə önəmli tərəfdaşla müqavilə bağladıqlarını bildirib.
O bildirib ki, AZAL Bakını Avropa ilə birləşdirəcək. Təyyarələrin futlyajında, hava limanında Bakı-2015 loqosu yerləşdiriləcək, sərnişinlərə yarışla bağlı hazırlanan jurnal paylanacaq. Nazir bütün sahələrdə hazırlıq işlərinin qaydasında getdiyini və heç bir gecikmənin müşahidə olunmadığını əlavə edib.
Bakı-2015 Əməliyyat Komitəsinin baş icraçı direktoru Saymon Kleqq 6-cı rəsmi tərəfdaşla müqavilə bağladıqlarını bildirib. Onun sözlərinə görə, oyunlar zamanı ən yaxşı idmançıları, daha dəqiqi 6000 şəxsin Bakıya nəqlini təmin etmək mümkün olacaq. Bəzi ölkələrə birbaşa uçuşlar həyata keçirilmir. Amma indi həmin ölkələrdən nümayəndə heyətləri məhz AZAL-ın təyyarələri ilə gələcəklər. AZAL bizə təşkilati, reklam məsələlərində də köməklik göstərəcək. Eyni zamanda AZAL marketinq dəstəyi də göstərəcək.
Ardından Rəhimovla AZAL-ın I vitse-prezidenti Sabir İlyasov arasında rəsmi müqavilə bağlanılıb.
İlyasov bu gündən şirkətin Avropa Oyunlarının rəsmi sərnişin nəqledicisi olduğunu bəyan edib: "Yeni təyyarələr almışıq. Bu yaxınlarda "Boeing-787" təyyarəsi də alacağıq. Bu gün səhər saat 6:00-da Bakıdan Nyu-Yorka AN-340-la vətəndaşlarımız ilk dəfə ABŞ-a uçub. Demək istəyirəm ki, Avropa Oyunları zamanında da xidmətimiz yüksək səviyyədə olacağıq. Bütün ölkələrdə belə aviaşirkətin olmasından xəbər tutacaqlar. Artıq qitə ölkələrinə uçuşlar hər gün həyata keçiriləcək".