Bununla yanaşı, Qırtımov qollarda yalnız özünün günahkar göstərilməsi ilə razılaşmayıb: "Düzdür, deyirlər ki, cinahdan "asma" gəldi, qol vurdular. Cinahdan "asma" gələr də, qardaşım! Rusiya kimi komandadır, necə edim? Hər oyunda cinahdan "asma" gəlir. Bu görüşdə də mənim cinahımdan cərimə meydançasına cəmi 3 "asma" getdi, onları da aparıb qol vurdular. Ancaq elə "İlkin, İlkin, İlkin, İlkin"... Yaxşı ki, İlkin var idi, onun adını çəkirdilər".
Müdafiəçi yığmadakı debüt oyunlarında dəstəkdənsə, günahkar çıxarılmasını tənqidçilərin başqa futbolçulara irad tuta bilməməsi ilə əlaqələndirib: "Adama bilirsən nə ağır gəlir? Azərbaycanlı uşaqdır, millidə ilk oyunudur. Dəstək verməkdənsə, qollarda yalnız məni günahkar görürlər. Cinahdan "asma" gedirsə, mən neyləyə bilərəm? Başqalarına söz deyə bilmirlər, kim cavandırsa, günahı onun üstünə atırlar. Eləyə qalsa, İngiltərədə bir hissədə cinahdan 60 "asma" gedir. Həmin cinahları aparıb tullasınlar da... Oyundan sonra belə şeyləri eşitmək adama yaxşı təsir etmir. Düzdür, demirəm ki, səhvim yoxdur. Cinahdan "asma" buraxmamalıyam. Amma olur da... Məgər hər "asma" qolla nəticələnir? Eləyə qalsa, bütün "asma"lardan sonra hamı çəkilsin kənara, rəqib də aparıb qol vursun".
Qeyd edək ki, Rusiya - Azərbaycan matçında meydan sahibləri 4:0 hesabı ilə qalib gəliblər. İlkin Qırtımov birinci hissədə meydanda olub və çoxları ilk yarıda vurulmuş 3 qolda onun günahkar olduğunu bildirib.
Şəfiqə ELMANQIZI