Zaqatalanın "Simurq" komandasının kapitanı İlkin Qırtımovun Sportnet.az-a müsahibəsi
- "Qarabağ"la oyunu xəstələndiyiniz üçün buraxdınız. Bəs "Sumqayıt"la matça hazırsınız?
- Ötən oyun öncəsi həqiqətən də səhhətim qaydasında deyildi. 3 gün ərzində qızdırmam düşmədi. Ona görə də "Qarabağ"la matçı buraxdım. Deyə bilmərəm ki, mənim yoxluğum üzündən Ağdam komandasına uduzduq. Bəlkə olsaydım, daha pis olacaqdı. Onu deyə bilmərəm. Amma çox istəyirdim ki, "Qarabağ”a qarşı oynayım. Hazırda qızdırmam düşüb, amma xəstəlik əlamətləri az da olsa, qalıb. Öskürürəm.
- Bu oyundan nə gözləyirsiniz?
- Mütləq qalib gəlməliyik. Bu, rəhbərliyin qarşımızda qoyduğu tələbdir. Hətta heç-heçə də bizi qane etmir. Çünki ardıcıl 3 oyunda uduzaraq, vəziyyətimizi çətinləşdirmişik. Düzdür, çempionatda zəif rəqib yoxdur. Amma "Sumqayıt"la oyunda üstünlüklərimiz var. Həm evdə oynayırıq, həm də rəqibin heyətində legionerlər yoxdur. Digər komandalara legionerlər də güc qatır. Amma "Sumqayıt" bizim kimi komadadır. Başabaş mübarizə aparmaq və qələbə qazanmaq lazımdır.
- Adətən, "Legionerlər yerlilərdən iki baş üstün olmalıdırlar" deyilir. Sizcə, bu, bizim klublarda da belədir?
- Azərbaycanda üstün legionerlər bir "Neftçi”də, bir də xüsusi qeyd edərdim ki, "Qarabağ”dadır. "İnter"in də legionerlərindən bəziləri səviyəlidir. Azərbaycana belə legionerlər lazımdır ki, biz də baxıb nəsə götürək. Amma hardan oldu legionerlər də gəlir. Onlardansa elə öz uşaqlarımız oynasınlar da... Yəni eyni səviyyədə oynayırlarsa, nəyə gəlirlər ki? Elə legionerlər lazımdır ki, biz də baxıb onlardan nəsə götürək.
- Bəs "Simurq”da necə, baxıb nəsə götürdüyünüz legionerlər var?
- Vallah, "Simurq”da mən heç kimə baxıb heç nə götürmürəm. Klubumuzda elə legionerlər yoxdur. Azərbaycan səviyyəsində oynaya bilirlər də...
- Amma hazırda 4 oyunluq cəzası "Sumqayıt"la oyundan sonra bitəcək Draqan Çeran kimi hücumçunuz var. Onun yoxluğu komandanıza necə təsir edir?
- O başqa... Əvəzedici heyətdəki çıxışlarımı da nəzərə alsaq, artıq 5-ci ildir "Simurq”dayam. Klubumuzun tarixində mən belə hücumçu görməmişəm. Legionerlərimizdən yalnız onu çıxaq. O, olmayanda sanki komandamızda nəsə çatışmır.
- Demək, son 3 oyundakı məğlubiyyətlərinizdə onun yoxluğu da təsirsiz ötüşməyib?
- Mən inanıram ki, o, olsaydı, "Qarabağ”la, "Qəbələ” ilə oyunlarımız ən azı belə alınmazdı. "Qarabağ”la oyunda fərqlənmək imkanlarımız oldu, istifadə edə bilmədik. Elə "Neftçi” ilə qarşılaşmada da... Çeran isə ələ düşən imkanı dəyərləndirən oyunçudur, o mənada deyirəm.
- Bəs yığmamızın heyətindəki milliləşdirilmiş legionerlər barədə hansı fikirdəsiniz?
- O barədə heç nə deyə bilmərəm. Kimi dəvət edib-etməməyə baş məşqçi qərar verir. Çağıran da özüdür, cavab verən də. Siz nəsə deyə bilərsiniz, bu, bizim səlahiyyətimizdə deyil.
- Bilmək istəyirdik ki, milliləşdirilmiş legionerlər yığmamızın gücünə güc qatdılar?
- Yoldaşlıq görüşləri ilə müqayisədə daha yaxşı oynadılar.
- Düşünmürsünüz ki, "Simurq”da oynamaq sizi inkişafdan saxlayır, daha irəli getmək üçün daha səviyyəli komandaya keçmək lazımdır?
- Yox. Hələ ki "Simurq" yaxşıdır. Mənim üçün önəmlisi futbol oynamaq, çempionatda çıxış etmək, təcrübəmi bir az da artırmaqdır. Həm də öz evimdir, burada rahatam. Ona görə də hələ heç yerə getmək fikirim yoxdur. Klub rəhbərliyi də mənə lazımi şəraiti yaradıb, komandanın kapitanıyam. Burada hər şey yaxşıdır. Şikayətim yoxdur.
Şəfiqə ELMANQIZI