
Topaz Premyer Liqasının VII turunda "Araz Naxçıvan"a 2:1 hesabı ilə qalib gələn "Bakı"nı keçmiş baş məşqçisi Bülent Korkmaz da təbrik edib. Sportnet.az-ın məlumatına görə, Türkiyə "Qalatasaray"ının əfsanəvi kapitanı matçdan dərhal sonra paytaxtın eyniadlı təmsilçisinin vitse-prezidenti Yaşar Seyidova telefon açıb.
O, komandanın oyununu internet vasitəsilə izlədiyini və əsasən, gənclərdən qurulmuş heyətin çıxışından qürurlandığını bildirib. "Bakı"nı ilk qələbə münasibətilə təbrik edən Korkmaz Aqil Məmmədov, Mahir Mədətov və Valeh Seyidov kimi futbolçuları hələ klub akademiyasında təhsil aldıqları vaxt izlədiyini, indi isə əsas komandada qələbəyə böyük töhfə vermələrinə sevindiyini qeyd edib. "Böyük Kapitan" yenidən komandada təmənnasız çalışmağa hazır olduğunu da vurğulayıb.
Qeyd edək ki, Bülent Korkmaz hazırda "Kayseri Erciyesspor"un baş məşqçisidir. O, 2009-cu il sentyabrın 18-dən 2010-cu il martın 22-dək "Bakı"nın sükanı arxasında olub.