
"Qəbələ" klubu hazırda "Neftçi"də çıxış edən Elnur Allahverdiyevə cavab verib. Allahverdiyevin Sportnet.az-a sabiq komandası ilə bağlı "O komandada xeyli artıq futbolçu var" açıqlamasına "qırmızı-qaralar"ın vitse-prezidenti Fariz Nəcəfov kəskin münasibət bildirib.
Nəcəfov əməkdaşımıza müsahibəsində deyib: "Gedin, Elnurdan soruşun ki, o futbolçular kimdir? Komandanın futbolçu məsələsinə baş məşqçi baxır. "Qəbələ"də artıq futbolçu elə Elnur olub. O da artıq komandamızda yoxdur".
Qeyd edək ki, Elnur Allahverdiyev bir müddət öncə Sportnet.az-a açıqlamasında "Qəbələ"ni mövqeyinə yeni futbolçu alınması səbəbindən yox, baş məşqçi Dorinel Muntyanuya görə tərk etdiyini deyib: "Qəbələ"də o qədər artıq, oynamamalı futbolçu var ki? Hansı ki, onlar "Qəbələ"nin səviyyəsinə, büdcəsinə uyğun gəlmirlər. Amma baş məşqçi öz gətirdiklərinə inanır. Gətiribsə, oynatmalıdır axı..."