
"Bakı"nın prezindeti Hafiz Məmmədov klubun maliyyə durumu ilə bağlı vəziyyəti şərh edib. Sportnet.az-ın məlumatına görə, Məmmədov AFFA-nın rəsmi saytına müsahibəsində klubun maliyyə vəziyyətində heç nəyin baş vermədiyini söyləyib.
O deyib ki, rəhbərlik etdiyi "Baghlan Group"da baş verən olaylar biznesdə böhrana uğramaq anlamına gəlmir: "Sadəcə, illər əvvəl infrastruktura yatırdığımız vəsaitin geri dönməməsi nəticəsində "default” olduq. Müflis olanda hər şeyini satıb borclarını ödəyirsən. "Default” zamanı isə 10 manat alacağın ola bilər, 1 manat verəcəyin. 10 manat alacağın yubandıqda, 1 manat verəcəyini verə bilmirsən və bu halda sənə "default” deyirlər. Bizdə o vəziyyət oldu. İllərlə bəzi yerlərə yatırdığımız sərmayə geri dönmədikdə bir az maliyyə sıxıntısı yaşadıq. Holdinq olaraq bu da bizim digər strukturlarımıza təsir etdi. O cümlədən də futbola. Ancaq futbol o qədər səsli-küylü qurumdur ki, digər strukturlardan səs çıxmadığı halda, futbolda yaranan durum barədə hətta Nyu-Yorkda da danışılır".
Yavaş-yavaş işlərin qaydasına saldıqlarını bildirən klub prezidenti bəzi futbolçuların "Bank of Azerbaijan"da depozitlərinin olması barədə söz-söhbətlərə də aydınlıq gətirib:
"Bank elə bir qurumdur ki, bir vətəndaşın depozitini qəbul edib, hansısa digər vətandaşa və ya kredit təşkilatına yönəldərək mənfəət əldə edir. Kredit verilən şəxslərin kreditlərini geri qaytarmasında problem olduğu üçün bankda qarışıqlıq yarandı. Bu da tədricən həll olunur. Ad çəkmək istəmirəm, həmin futbolçularla şəxsən danışmışam. Söz vermişəm ki, yaxın zamanda bu məsələ həllini tapacaq".